Azərbaycan, Bakı, 14 iyul /Trend/
2011-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəməri ilə 17 milyon tondan çox neft nəql olunub. Bu göstərici 2010-cu ilin analoji dövründə 18,2 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.
İyulun 1-nə olan məlumata görə, neft kəməri işə başlayandan 160,6 milyon ton neft nəql edilib.
Bu kəmərlə iyunda 168,6 min ton Türkmənistan nefti nəql olunub.
2010-cu ildə BTC ilə cəmi 37 milyon ton neft nəql edilib. Bu göstərici 2009-cu ildə 36,2 milyon ton olub.
Yanvar-iyunda Türkiyənin Ceyhan limanından dünya bazarlarına 16,8 milyon ton neft göndərilib ki, bu göstərici 2010-cu ilin yanvar-iyununda 18,3 milyon ton olub.
2011-ci il iyulun 1-nə olan məlumata görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri işə başlayandan Ceyhandan dünya bazarlarına 158,74 milyon tona yaxın Azərbaycan nefti göndərilib.
2010-cu ildə Türkiyənin Ceyhan limanından dünya bazarlarına ümumilikdə 37,3 milyon ton neft göndərilib. Bu göstərici 2009-cu ildə 36,3 milyon ton olub.
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.
BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi buraya daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.
BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" (8,9 faiz), "Statoil" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,5 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.