...

2012-ci ildə AİB Azərbaycanın elektrikpaylama sistemi üçün ilk krediti ayıracaq

Energetika Materials 4 Avqust 2011 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir E.İsmayılov/

2012-ci ildə Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın elektroenergetikası üçün bankın maliyyələşdirmə proqramı (MFF) çərçivəsində 100 milyon dollar məbləğində ilk tranşı ayırmağı planlaşdırır. Bu barədə 2011-2013-cü illər üçün ölkədə əməliyyatlar üzrə biznes planın mətnində deyilir. Biznes plan bankın Direktorlar Şurası tərəfindən iyunda təsdiq edilib.

Azərbaycanın elektrik enerjisi üçün "Azərenerji" ASC-nin "Power Distribution Development Investment Program" investisiya proqramının maliyyələşdirilməsi bankın çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində həyata keçiriləcək. MFF-nin dəyəri 500 milyon dollar qiymətləndirilir.

Elektrik enerjisinin paylanmasının inkişaf proqramının həyata keçirilməsi nəticəsində paylanma zamanı elektrik enerjisinin itkisi 2010-cu ildəki 15 faizdən 2015-ci ildə 6 faizə enəcək. AİB ilə əməkdaşlıq istifadə edilən elektrik enerjisinə görə ödənişin 2010-cu ildəki 70-80 faizdən 2015-ci ildə 100 faizədək yüksəlməsinə də kömək edəcək.

Layihə "Azərenerji"nin idarəçiliyi altında olan 40 inzibati rayonu əhatə edən enerjinin paylanması sisteminin genişləndirilməsi və təkmilləşdirilməsinə yönələcək. Layihə elektrik təchizatının etibarlılığının artırılmasına, paylayıcı sistemdə itkilərin azaldılmasına və enerji effektivliyinin artırılmasına hədəflənib.

"2005-2015-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"nın müddəalarının yerinə yetirilməsi ilə əlaqədar işlər çərçivəsində yeni istilik və su elektrik stansiyalarının (1500 MVt) tikintisinə, mövcud generasiya obyektlərinin modernləşdirilməsinə və nəqliyyat şəbəkəsinin gücünün artırılmasına 3,8 milyard dollar tələb olunur.

Azərbaycan hökuməti AİB ilə 1999-cu ildən əməkdaşlıq edir. Hazırda bank Azərbaycanın enerji sektorunda elektrikötürücü xətlərin bərpası (Power Transmission Enhancement Project) üzrə bir layihəni həyata keçirir. Burada artıq baş podratçının seçimi üzrə tender elan edilib. Layihə bir neçə il ərzində 60 ildən çox istifadə olunan elektrikötürücü xətləri yenidən qurmağa imkan verəcək. Asiya bankı 20 il müddətinə 160 milyon dollar məbləğində beş il güzəştli dövr olmaqla, illik LIBOR-0,08 faiz dərəcəsi ilə kredit verir.

Layihə çərçivəsində Mingəçevir su elektrik stansiyasından Abşeron yarımstansiyasına kimi ikikonturlu 220 kV-lıq elektrikötürücü xətlərin çəkilməsi planlaşdırılır. Bununla yanaşı, 220/110 kV-luq yarımstansiyanın 110 kV-luq elektrikötürücü xətlə birləşdirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti