...

ARDNŞ-nin Ekologiya İdarəsi qaz emalı zavodu üzrə hesabat hazırlayıb

Energetika Materials 4 Avqust 2011 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir E.İsmayılov/

Qaz emalı zavodunun ərazisində yenidənqurma işləri aparılacaq 4 hektarlıq sahədə ekoloji və bioloji mühitin qiymətləndirilməsi məqsədilə ARDNŞ-nin Ekologiya İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, Ekoloji Monitorinq Departamenti tərəfindən monitorinq işləri aparılıb. Trend-in məlumatına görə, bu barədə İdarənin cümə axşamı yaydığı məlumatda deyilir.

Aparılan monitorinqin nəticəsində hesabat hazırlanıb. Monitorinq zamanı zavod ərazisində 4 nöqtədə müxtəlif dərinliklər üzrə ümumi sayı 16 ədəd olan torpaq-qrunt nümunələri və 1 nöqtədə teleskopik sugötürən qurğu vasitəsi ilə su nümunəsi götürülüb.

Bundan əvvəl məlumat verildiyinə görə, ARDNŞ-nin qaz emalı zavodunda məşəl sisteminin yenidən qurulması layihəsi çərçivəsində işlərə başlanılıb.

Zavodun məşəl sisteminin yenidən qurulması layihəsi ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən onun uzun müddət istismar olunması səbəbindən yararsız hala düşdüyünə görə hazırlanıb. Yenidənqurma atmosferə zərərli tullantıları azaltmağa və onların tüstüsüz yanmasını təmin etməyə imkan verəcək.

İlin sonunadək zavod 4,7 milyard kubmetr qaz emal etməyi planlaşdırır. Bu göstərici ötən il 4,2 milyard kubmetr olub. Hazırda müəssisənin illik gücü 5,1 milyard kubmetr təşkil edir.

2010-cu ildə ARDNŞ-nin qaz emalı zavodu 4,03 milyard kubmetr təmizlənilmiş qaz emal edib. Bu göstərici 2009-cu ildə 3,8 milyard kubmetr təşkil edib. Bundan başqa, ötən il zavod 28,1 min ton qaz benzini də istehsal edib. Bu göstərici 2009-cu ildə 27 min ton olub. 2010-cu ildə zavod 25,4 min ton maye qaz istehsal edib. İstehsal edilən benzinin və maye qazın ümumi həcminin 69 faizi ixrac edilib, 31 faizi daxili bazara göndərilib.

Xəbər lenti

Xəbər lenti