...

Bolqarıstan birgə qaz distribusiya şəbəkəsinin qurulmasında ARDNŞ ilə əməkdaşlıqda maraqlıdır

Energetika Materials 23 Sentyabr 2011 00:13 (UTC +04:00)
Sentyabrın 22-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bolqarıstan birgə qaz distribusiya şəbəkəsinin qurulmasında ARDNŞ ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir R.Daraxşan/

Sentyabrın 22-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə şirkətin məlumatında bildirilir.

Qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmiş, iki ölkənin enerji sektorunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarandığını qeyd etmişdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Trayço Traykov Azərbaycana səfərindən şad olduğunu və Bakıda keçirilən Azərbaycan-Bolqarıstan Biznes Forumunun gedişindən razı qaldığını söyləmişdir. O, təmsil etdiyi hökumətin Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirmişdir.

Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən Abdullayev Azərbaycanın qaz ixrac edən ölkələr sırasında özünə layiqli yer tutduğunu vurğulamışdır. İxrac marşrutlarının diversifikasiyasına ölkəmizdə böyük əhəmiyyət verildiyini söyləyən ARDNŞ prezidenti Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd etmişdir.

Bolqarıstanda ARDNŞ-nin uğurlarının diqqətlə izlənildiyini söyləyən Trayço Traykov ölkəsində fəaliyyət göstərən şirkətlərin onunla çoxsahəli əməkdaşlığa hazır olduqlarını bildirmişdir. Nazir Bolqarıstan tərəfinin Azərbaycandan təbii qaz almaqda, həmçinin birgə qaz distribusiya şəbəkəsinin qurulmasında ARDNŞ ilə əməkdaşlıq etməyə maraq göstərdiyini də diqqətə çatdırmışdır. Traykov ölkəsində sərmayə qoyuluşu üçün əlverişli imkanlar yaradıldığından söz açaraq, ARDNŞ-ni Bolqarıstanda həyata keçirilən investisiya proqramlarında iştiraka dəvət etmişdir.

ARDNŞ prezidenti yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə inandığını söyləmişdir.

Xəbər lenti

Xəbər lenti