Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir E.İsmayılov /
Azərbaycandan qaz tədarükü Gürcüstana Rusiya qazından asılılıqdan qaçmağa imkan verir. Bu barədə çərşənbə günü Bakıda Trend-ə Gürcüstanın birinci vitse-spikeri Mixail Maçavariani deyib.
Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında qaz tədarükünə dair razılaşma var ki, bu da Gürcüstana Rusiya qazından asılı olmamağa imkan verir.
"Biz indi faktiki olaraq Rusiya qazından istifadə etmirik və Rusiya təəssüf ki, Ukrayna, Belarus və Avropa ölkələri ilə etdiyi kimi, yanacağın qiymətindən təzyiq vasitəsi kimi istifadə edə bilməz", - Maçavariani bildirib.
Gürcüstana tədarük edilən qazın ümumi həcmindən bir hissəsi ARDNŞ-nin, yerdə qalan hissə isə Cənubi Qafqaz qaz kəməri ilə nəql edilən Azərbaycandakı "Şahdəniz" qaz-kondensat yatağının payınа düşür.
Proqnozlara əsasən, Azərbaycan Gürcüstana ötən ilki 875 milyon kubmetrə qarşı təxminən 1,6 milyard kubmetr qaz tədarük edəcək.
İlin sonunadək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 700 milyon kubmetrə yaxın qaz tədarük etməyi planlaşdırır. Ötən il ARDNŞ Gürcüstana 339,16 milyon kubmetr qaz ixrac edib.
Gürcüstana qaz nəqli şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.