...

Azərbaycan və Türkiyə TANAP qaz kəmərinə dair saziş imzalayacaq

Energetika Materials 14 Mart 2012 03:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend /

Azərbaycan və Türkiyə gələn həftə Trans-Anadolu qaz kəmərinə dair hökümətlərarası saziş imzalayacaqlar. Trend-in Wall Street Journal-a istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Küveytdə səfərdə olan Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Əvvəllər Azərbaycan və Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün qaz kəməri tikəcək konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr həcmində qazın böyük hissəsinin ixracı üçün lazımdır.

Layihə iştirakçıları bu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır. Bu qaz kəməri "Cənub qaz dəhlizi"nin əsası olacaq.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən, "Cənub qaz dəhlizi" marşrutları öyrənilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti