...

Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton həcmində qiymətləndirilir - ARDNŞ

Energetika Materials 10 Aprel 2012 10:39 (UTC +04:00)
Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir.
Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton həcmində qiymətləndirilir - ARDNŞ

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir E.İsmayılov /

Azərbaycanda karbohidrogenlərin sübut edilmiş ehtiyatları 4,5 milyard ton şərti yanacaq həcmində qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə həsr olunmuş forumda deyib.

"Azərbaycanda karbohidrogenlərin ehtimal edilən ehtiyatları 10 milyard ton şərti yanacaq həcmində dəyərləndirilir", - Abdullayev bildirib.

Onun forumda dediyi kimi, xarici tərəfdaşlarla əməkdaşlıq nəticəsində neft və qaz hasilatı sahəsində böyük uğurlar əldə olunub. Xüsusilə də, neft hasilatı altı dəfə artaraq ildə 50 milyon tona çatıb. Qaz hasilatı isə 2004-2011-ci illərdə 5,2 dəfə, müvafiq olaraq ildə 5 milyard kubmetrdən 26 milyard kubmetrədək artıb.

Hazırda ölkədə neft hasilatının gündəlik həcmi təxminən bir milyon barel təşkil edir.

"Hazırda ölkədə qaz hasilatının həcminin artırılması üzrə planlar çərçivəsində Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına hazırlıq başa çatacaq", - ARDNŞ rəhbəri deyib.

Abdullayevin sözlərinə görə, bununla yanaşı, ARDNŞ Azərbaycanda qaz hasilatı həcmlərinin artırılması ilə bağlı böyük planlara malikdir. Son illərdə "Ümid" və "Abşeron" kimi yataqlar kəşf edilib, eləcə də "Naxçıvan", "Şəfəq-Asiman", "Zəfər" və "Məşəl" perspektivli strukturlara da böyük ümidlər var.

Abdullayevin dediyi kimi, proqnozlara görə, 2015-ci ilədək Azərbaycanda qaz hasilatı həcmləri ildə 30 milyard kubmetr, 2025-ci ilədək isə 50 milyard kubmetr olacaq. Bu, həm region, həm də Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətini möhkəmləndirəcək və artıracaq.

"Ölkədə qaz hasilatı həcmlərinin artırılması Avropanın qaz idxalından asılılığının artmasına dair proqnozlar fonunda böyük əhəmiyyətə malikdir", - ARDNŞ prezidenti qeyd edib.

Onun sözlərinə görə, hazırda şirkət Avropaya qaz tədarükü marşrutunun seçimi astanasındadır, eləcə də Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhəddindən Türkiyənin Avropa ilə sərhədlərinə qədər nəqlinin təmin olunmasına imkan verən Trans Anadolu qaz kəmərinin yaradılması ideyası çərçivəsində də işlər görülür.

"Bu boru kəməri həm qardaş ölkənin, həm də Avropanın qaza olan tələbatını təmin etməyə imkan verəcək", - o qeyd edib.

Abdullayev çıxışında Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması layihəsinin reallaşdırılması nöqteyi-nəzərindən forumun keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

"Hesab edirəm ki, forum bu vacib və iri layihənin reallaşdırılmasına böyük töhfə verəcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti