...

Azərbaycanda daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Energetika Materials 14 Sentyabr 2012 15:30 (UTC +04:00)
Ucar rayonunun Qazıqumlaq və Məlikballı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Azərbaycanda daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Ucar rayonunun Qazıqumlaq və Məlikballı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Qazıqumlaq və Məlikballı kəndlərinin təbii qazla təchiz edilməsi üçün ümumi uzunluğu 180 kilometr olan müxtəlif diametrli polietilen və polad borulardan istifadə edilib. Ucar qazpaylayıcı stansiyasından Qazıqumlaq kəndində yerləşən Asfalt zavodunun ərazisinə kimi 14000 metr uzunluğunda 315 mm-lik, həmin ərazidən Qazıqumlaq kəndi ilə Məlikballı kəndlərinin yol ayrıcına qədər isə 1122 metr uzunluğunda 219 mm-lik polietilen borular çəkilib.

Qazıqumlaq kəndi dairəvi olaraq 7785 metr uzunluğunda 160 mm-lik polietilen boru ilə əhatə edilib. Yardımçı küçələrə ümumilikdə 37000 metr uzunluğunda 110 mm-lik polietilen boru çəkilib, kanalüstü keçidlərdə 1600 metr uzunluğunda 89 mm-lik polad borulardan istifadə olunub. Dalanlara 1281 metr uzunluğunda 76 mm-lik polad, 53000 metr uzunluğunda 63 mm-lik polietilen, 1250 metr uzunluğunda 57 mm-lik polad borular çəkilib. Hər bir evin qarşısına ümumi uzunluğu 13000 metr olan 32 mm-lik polad borularla çıxışlar verilib. Çıxışlara sayğaclar quraşdırılıb və dövlət proqramına əsasən, sayğaclardan evlərin mətbəxinə kimi Birliyin hesabına 20 mm-lik polad borularla ümumi uzunluğu 50000 metr təşkil edən qaz xətləri çəkilib.

Qazıqumlaq kəndində 960, Məlikballı kəndində isə 250 ədəd qaz sayğacı quraşdırılıb. Gələcəkdə tikilməsi nəzərdə tutulan ərazilərə də qaz xətlərindən çıxışlar verilib, büdcədən maliyyələşən qeyri-əhali kateqoriyasına aid məktəblər, xəstəxana və sosial xarakterli digər istehlakçıların qazlaşdırılması nəzərdə tutulub, bunun üçün zəruri tədbirlər görülüb. Həmin müəssisələr müvafiq sənədləşdirilmə işləri başa çatdırıldıqdan sonra təbii qazla təmin ediləcək.

Qeyd olunub ki, gələcəkdə rayonun Şahlıq, Ramal, Əlikənd, Çiyni, Qaradağlı və Alpoud kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti