Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E. İsmayılov/
Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisinə 2014-cü ildə başlanılacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın gələcəkdə iri və kapitaltutumlu layihələrdə iştirak etməsi gözlənilir: "Xüsusilə bu ayın sonunadək Avropaya qaz ixracatı marşrutunun seçilməsi üzrə yekun qərar qəbul ediləcək".
Abdullayev bildirib ki, cari ilin sonunadək "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsilə bağlı bütün məsələlər öz həllini tapacaq, həmçinin Azərbaycan qazının Avropaya ixracatının təminatı çərçivəsində Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi planlaşdırılır:
"Öz növbəsində qaz kəməri layihəsinin seçilməsindən sonra "Şahdəniz" layihəsinin tərəfdaşları onun səhmdarları olacaqlar və faktiki olaraq onun tikintisində iştirak edəcəklər".