Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, eləcə də Azərbaycan və Türkiyədə qaz nəqli infrastrukturunun yaradılması və genişləndirilməsi çərçivəsində investisiyaların həcmi 46,5 milyard dollar qiymətləndirilir. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "The Business Year" jurnalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, yatağın işlənməsinin ikinci fazasının dəyəri təqribən 27 milyard dollar, Səngəçal terminalı və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi 6,5 milyard dollar, Trans-Anadolu qaz kəmərinin tikintisinin təxmini dəyəri təqribən 13 milyard dollar təşkil edir.
N.Əliyev qeyd edib ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin reallaşdırılması Azərbaycan, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Albaniya da daxil olmaqla, bir çox ölkənin iqtisadiyyatına xeyli töhfə verəcək.