Emil İsmayılov - Trend:
Transanadolu qaz kəməri (TANAP) Avropaya qaz ixracının şaxələndirilməsini nəzərdə tutan Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. Bundan başqa, qaz kəməri Türkiyənin enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verir.
İlin sonuna kimi BP şirkətinin ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) layihədəki iştirak payının 12 faizini alması barədə sövdələşmənin hüquqi sənədləşdirilməsi prosedurunun başa çatacağı TANAP-ın tikintisinin son hədəflərinin əhəmiyyətini sübut edir. Bundan sonra TANAP səhmdarlarının tərkibi belə olacaq: ARDNŞ - 58 faiz, BOTAŞ - 30 faiz, BP - 12 faiz.
Britaniyanın BP şirkəti artıq 20 ildən çoxdur ki, enerji sektorunda Azərbaycanın etibarlı tərəfdaşı və "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrin iştirakçısıdır. Britaniya şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin konsorsiumlarının iştirakçısıdır.
Bu layihələrin hamısı dünyada şöhrət qazanıb. Hazırda "Şahdəniz-2" layihəsi reallaşdırılır.
BP-nin TANAP-a qoşulması bu nəhəng layihəyə etimadı artırır və onun həyata keçirilməsi üçün əsas yaradır.
Müvafiq olaraq, Türkiyəyə qaz artıq 2018-ci ildə, TAP-ın tikintisi başa çatdıqdan sonra Avropaya qaz isə təqribən 2020-ci ilin əvvəlində daxil olacaq. Cənub Qaz Dəhlizinin bütün 4 elementi üzrə işlərin dəyəri ilkin məlumatlara görə təxminən 50 milyard dollar həcmində dəyərləndirilir.
TANAP-ın yaradılması üzrə işlər kifayət qədər aktiv mərhələdədir. Belə ki, oktyabrın 14-də Ankarada TANAP-ın tikintisi layihəsi çərçivəsində elan edilmiş tenderin qalibləri olmuş Türkiyənin altı, Çinin isə bir şirkəti ilə boruların tədarükü üzrə müqavilələr imzalanıb.
Boruların tədarükü üzrə tenderin qalibi "Mannesmann-Noksel-Erciyas" şirkətlər konsorsiumu, "Ümran-Emek" şirkətlər konsorsiumu, "Tosçelik Profil ve Sac Endüstrisi" şirkəti, habelə Çinin "Baosteel Europe" podratçı şirkəti olub.
Tikinti işlərinin podratçısının müəyən olunması tender prosedurları çərçivəsindədir. Tender 3 lotda keçirilir. Onlar Gürcüstan sərhədindən Ərzuruma, Ərzurumdan Sivasa və Sivasdan Əskişəhərə qədər ərazini əhatə edir. Tikinti işlərinin yerinə yetirilməsi üzrə müqavilələr yaxın vaxtlarda imzalanacaq, daha sonra isə kompressor stansiyalarının tədarükü və tikintisi üzrə müqavilə bağlanacaq. Artıq 2015-ci il aprelin əvvəlində boruların çəkilişinə başlanılacaq.
Avropa ölçülərinə görə göstərilən ixrac həcmləri bir o qədər böyük olmasa da, onların artırılması üçün böyük perspektivlər mövcuddur. Misal üçün, BP-nin özü "Şəfəq-Asiman" perspektiv qaz-kondensat blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilənin iştirakçısıdır. "Abşeron", "Ümid", "Babək", "Naxçıvan" və başqa perspektiv yataqların işlənməsi üzrə planlar da mövcuddur. Həmçinin Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiya qaz tədarükü mənbələrinin Cənub Qaz Dəhlizinə birləşmə imkanları mövcuddur.
İşlərin kifayət qədər böyük həcminə baxmayaraq, Cənub Qaz Dəhlizi reallığa çevriləcək və maraqlı tərəflərin sıx əməkdaşlığı, möhkəm və etibarlı tərəfdaşlıq əlaqələri Azərbaycanda həyata keçirilən digər layihələr kimi, bu layihənin də inkişafına mühüm töhfə verəcək. Uğurun zəmanəti də məhz bundadır.