...

Yuxarı Qarxun və İsmayılbəyli kəndləri də qaz gördü

Energetika Materials 19 Mart 2015 18:01 (UTC +04:00)
Bərdə, Yevlax, Şamaxı və Tərtər rayonlarının daha 4 kəndinə təbii qaz verilib.
Yuxarı Qarxun və İsmayılbəyli kəndləri də qaz gördü

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramı ərəfəsində - martın 19-da Bərdə, Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin, "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqlları iştirak ediblər.

Yevlax rayonunun Yuxarı Qarxun kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 728 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 425 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Tərtər rayonunun İsmayılbəyli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd edilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18 899 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Martın 19-da Bərdə rayonunun Xanxanımlı kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 59 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2504 metr müxtəlif diametrli polietilen və uzunluğu 5309 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 59 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Şamaxı rayonunun Dağ Bağırlı kəndinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 913 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 276 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edənlər yaşadıqları kəndlərin "mavi yanacaq"la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti