...

İtaliya hökuməti TAP layihəsinə sadiqdir

Energetika Materials 3 Avqust 2018 13:31 (UTC +04:00)
İtaliyanın Baş naziri Cuzeppe Konte və Melendunyo şəhərinin meri Marko Poti arasında keçirilmiş görüş İtaliya hökumətinin Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına sadiqliyinin göstəricisidir
İtaliya hökuməti TAP layihəsinə sadiqdir

Bakı. İlkin Şəfiyev - Trend:

İtaliyanın Baş naziri Cuzeppe Konte və Melendunyo şəhərinin meri Marko Poti arasında keçirilmiş görüş İtaliya hökumətinin Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına sadiqliyinin göstəricisidir.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) yüksək vəzifəli mənbə bildirib.

Mənbə əmin olduğunu bildirib ki, bu görüş layihənin reallaşdırılmasına müsbət təsir göstərəcək:

“İndiyədək bu cür görüşlər olmamışdı. Amma indi Baş nazir Konte Vaşinqtonda Donald Trampla görüşü zamanı dediklərinə tam uyğun olaraq yerli ictimaiyyət nümayəndələrilə ilə görüşlərə başlayıb. Mən əminəm ki, bu, zəruri razılaşmanın əldə olunmasına aparan yoldur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransında TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu deyib.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetrə kimi artırıla bilər).

TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km-dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır. TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti