...

TANAP-ın tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir

Energetika Materials 28 Noyabr 2019 20:59 (UTC +04:00)
Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir
TANAP-ın tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu boru kəmərinin (TANAP) ikinci hissəsinin tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir xatırladıb ki, noyabrın 30-da Edirne vilayətinin İpsala rayonunda TANAP-ın ikinci hissəsinin açılışı olacaq:

“Bu onu ifadə edir ki, TANAP-ın tikintisi tamamilə bitir və Azərbaycan qazı Avropaya çatır. Biz hər zaman demişik ki, Azərbaycan TANAP və “Cənub Qaz Dəhlizi” sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Bu, artıq reallıqdır. Trans-Adriatik boru kəmərinin tikintisi başa çatdıqdan sonra Avropa artıq gələn il daha bir vacib alternativ qaz mənbəyi əldə edəcək”.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti