...

SOCAR 2020-ci il üçün planlarını açıqladı

Energetika Materials 8 Yanvar 2020 08:00 (UTC +04:00)

Bakı. Anastasiya Savçenko - Trend:

9 il 11 ay ərzində Azərbaycanda 420 milyon ton neft və 287,5 milyard kubmetr qaz hasil edilib.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan neft hasilatının pik nöqtəsinə 2010-cu ildə çatıb, həmin il 50,8 milyon ton neft hasil edilib. Bu, onunla bağlı olub ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat ən yüksək səviyyəyə çatıb. Həmin dövrdən neft hasilatında nisbətən idarə olunan təbii azalma müşahidə olunub. Hazırda qaz hasilatının mühüm artımı müşahidə olunur. Perspektivdə, həmçinin neft hasilatının təbii azalması fonunda qaz hasilatının artması gözlənilir.

Neft hasilatının azalması neft yataqlarının istismar müddətində təbii şəkildə köhnəlməsi ilə bağlıdır. Bugünkü gün işlənən yeni yataqlar əsasən "Şahdəniz" kimi qaz-kondensat yataqlarıdır.

SOCAR-ın fəaliyyətinin yekunları

Azərbaycanda 2019-cu ilin 11 ayı ərzində 34 milyon ton neft hasil olunub, bunun 7 milyon tonu SOCAR-ın payına düşür. Hesabat dövründə təxminən 32 milyard kubmetr qaz hasil olunub ki bunun 6,2 milyard kubmetri SOCAR-ın aktivindədir. Qeyd olunan qaz həcminə yenidən təbəqələrə toplanan istehlak və istehsalat qazının göstəriciləri də daxildir. Ümumilikdə 11 ayın yekunlarına əsasən Azərbaycanda qaz hasilatı 16 faiz artıb. Neft hasilatına gəldikdə isə, burada hasilatın ötən illə müqayisədə 3 faiz idarə olunan azalmasını qeyd etmək lazımdır. Bu göstərici "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın təbii azalması ilə əlaqədardır. Eyni zamanda SOCAR bilavasitə şirkət tərəfindən işlənən yataqlarda neft hasilatı səviyyəsini sabitləşdirə bilib.

2019-cu ildə SOCAR-ın imzaladığı sazişlər

Ötən il SOCAR Azərbaycandan neft satışı ilə bağlı 400 spot sazişi imzalayıb, neft və qaz tədarükü müqavilələrinin əsas hissəsi qısamüddətli əsasda bağlanıb. 2019-cu ildə Vyetnamın "Binh Son Refining and Petrochemical Co" dövlət neft emalı və neft-kimya şirkəti 2020-ci ilin birinci yarısında 5 milyon barrel (700 milyon ton neft) "Azeri Light" markalı neftin alınması ilə bağlı SOCAR-la saziş imzalayıb. Bundan başqa, ötən il SOCAR Hindistanın "Indian Oil Corporation" və "Bharat Petroleum" kimi şirkətləri ilə bir il müddətinə ayda bir milyon barel neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu il sazişin müddəti bitir, amma ehtimal olunur ki, müddət artırılacaq.

Ötən il SOCAR tərəfindən tikilimiş YDM-lər

Ötən il Azərbaycanda SOCAR-ın yanacaqdoldurma məntəqələrinin (YDM) sayı otuza çatıb. Tezliklə Gürcüstanda daha bir YDM işə düşəcək və bununla SOCAR brendi ilə Gürcüstanda fəaliyyət göstərən YDM-lərin sayı 115-ə çatacaq. Rumıniyada SOCAR YDM-lərinin sayı 43-ə (iki yeni məntəqə), Ukraynada 62-yə (bir yeni məntəqə) çatıb.

Bu gün Avstriya və İsveçrədə SOCAR brendi ilə ümumilikdə 266 YDM var, ötən il bu ölkələrdə 6 yeni məntəqə əlavə olunub.

Onların böyük hissəsi bizim mülkiyyətimizdir, bəziləri isə SOCAR-ın əmlakı deyil, franşizadır. Ölkəmizdə, həmçinin sıxılmış təbii qaz terminalları fəaliyyət göstərir.

SOCAR-ın "Abşeron" yatağında fəaliyyətinin nəticələri barədə

Ötən il TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində "Abşeron" yatağında əsas quyunun qazılması başa çatıb. Bu, gələcəkdə həmin yataqda hasilat üçün istifadə olunacaq. Quyu iki gövdədən ibarətdir, onlardan birincisi "Abşeron" yatağının potensialının qiymətləndirilməsi üçün nəzərdə tutulub. Bu gövdənin dərinliyi 7 411 metrdir. Bu, SOCAR-ın Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılıb. Bu quyu Xəzər dənizində ən dərin quyu olub. İkinci gövdənin dərinliyi 6,8 min metrə bərabərdir. Qazma işləri ötən ilin oktyabrında tam başa çatıb. Hazırda SOCAR "Abşeron" yatağında qaz və kondensat hasilatına başlamağa hazırlaşır. İlk məhsulu 2021-ci ildə, infrastruktur, kommunikasiya, platformalar və Neft daşlarında yükaşırma məntəqəsinin tikintisindən sonra əldə etmək planlaşdırılır. Məhsul "boruda boru" texnologiyası ilə Neft daşlarında aşırma məntəqəsinə və daha sonra quruda terminala nəql ediləcək.

SOCAR-ın "Qarabağ" yatağında fəaliyyətinin nəticələri barədə

"Qarabağ" yatağında qiymətləndirmə qazmasından sonra "Dədə Qorqud" yarımdalma qazma qurğusu "Aypara" perspektiv strukturuna göndəriləcək və burada iki ay qiymətləndirmə quyusunun qazılması davam edəcək.

Bir müddət əvvəl yarımdalma qazma qurğusu "Qarabağ" yatağına çatdırılıb. Burada qiymətləndirmə qazması təxminən iki ay davam edəcək. Bunun məqsədi yatağın potensialının, eləcə də neft və qaz həcmlərinin müəyyənləşdirilməsidir.

"Qarabağ" yatağı ilkin məlumatlara əsasən neftlə zəngin ola bilər. Yataqda həm neft, həm də qaz hasilatı üçün platforma quraşdırıla bilər. 2021-ci ilədək bu platforma vasitəsilə məhsul əldə etmək planlaşdırılır. Digər yataqlara gəldikdə isə, ötən ilin son aylarında "Əşrəfi-Dan ulduzu-Aypara" yataqlar bloku zonasında seysmokəşfiyyat işləri aparılıb. "Əşrəfi" və "Dan ulduzu" yataqları "Qarabağ" yatağına yaxın, "Aypara" yatağının isə uzaqda yerləşməsi ilə əlaqədar bu struktura xüsusi yanaşma tələb olunub. 2D və 3D kəşfiyyat aparılıb, tezliklə məlumatların emalı və təhlili başlayacaq.

"Petkim Petrokimya Holding" neft-kimya kompleksinə qoyulan investisiyaların həcmi

Ötən il Türkiyədə yerləşən "Petkim" neft-kimya kompleksinə 120 milyon dollar investisiya qoyulub. Modernləşmə və istehsalatın səmərəliliyinin artırılması üçün "Petkim"də "Petkim Benim" adlı xüsusi proqram işə salınıb. Bu, zavodun əməkdaşlarının idarəetmədə daha intensiv iştirakını, onlar tərəfindən əməliyyatların səmərəliliyinin artırılması üçün təkliflərin verilməsini nəzərdə tutur. Əməkdaşların təklifləri təhlil edilib və ən perspektivliləri seçilib. Nəticədə beş milyon dollar investisiya qoyulub ki, bu da ümumilikdə 120 milyon investisiyaya yol açıb. Bu investisiyalar kompleksin işində müsbət əks olunub və əlavə gəlir gətirib. Proqram bu gün də davam edir.

Ötən il SOCAR-ın modernləşmə layihələrinin yekunları

Bugünkü gün SOCAR paralel olaraq iki modernləşdirmə layihəsi reallaşdırır – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Sumqayıtda "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodu. Bu müəssisələr bir-biri ilə əlaqəlidir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu "Azərkimya"nı növbəti təkrar emal dövrü üçün keçid məhsullarla təmin edir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi planlarına biri istisna olmaqla, bütün mövcud qurğuların tamamilə yeniləri ilə əvəz edilməsi daxildir.

2021-2022-ci illərdə Avro-5 standartı üzrə dizel istehsalı mümkün olacaq. Yanacağın keyfiyyəti yaxşılaşacaq, atmosferə tullantılar azalacaq və bununla da ölkədə ekoloji vəziyyət yaxşılaşacaq.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu hazırkı 6 milyon ton əvəzinə 7,5 milyon ton neft emal edə biləcək. 2018-ci ilin oktyabrında yeni bitum qurğusu və mayeləşdirilmiş təbii qazın nəqli üçün terminal istifadəyə verilib. Bununla zavodun modernləşməsinin birinci mərhələsi başa çatıb. İkinci və üçüncü mərhələlər müvafiq olaraq Avro-5 standartı üzrə dizel və benzinin istehsalını nəzərdə tutur.

2020-ci ilin birinci rübündə "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun modernləşdirilməsi ilə bağlı işlərin başa çatması planlaşdırılır. Bu layihənin məqsədi istehsal həcminin təxminən 3 dəfə - 60 min tondan 175 minə tona çatdırılması, "SOCAR Polymer" zavodlar kompleksinin daimi əsasda xammalla təmin olunmasıdır. Modernləşdirmə layihəsi podratçı "Wood Group", eləcə də subpodratçılar "AzFen" və "Üstay" şirkətləri tərəfindən icra olunur.

SOCAR-ın 2020-ci il üçün əsas planları

Bu il Azərbaycanda yeni karbamid zavodunun ötən il başlamış layihələndirilməsinin başa çatması planlaşdırılır. Daha sonra mühəndis layihəsi hazırlanacaq və şirkətin rəhbərliyinə təqdim olunacaq və bundan sonra Sumqayıt kimya-sənaye parkında yeni karbamid zavodunun tikintisi barədə qərar qəbul olunacaq. "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun modernləşdirilməsini bu ilin ortalarına kimi başa çatdırmaq planlaşdırılır. Şirkətin planları arasında həmçinin Türkiyənin Əliağa yarımadasında "Petkim" neft-kimya kompleksinin və STAR zavodunun yaxınlığında aromatik maddələr zavodunun tikintisi ilə əlaqədar investisiya qərarlarının qəbul edilməsi daxildir. Layihə BP ilə birgə reallaşdırılacaq. Ötən il ilkin mühəndis layihəsi hazırlanıb, bu il isə müvafiq olaraq investisiya qərarları qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti