...

Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 16 Sentyabr 2021 12:45 (UTC +04:00)
Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya Azərbaycan qazının tədarükü 5 milyard kubmetrə çatıb.

Trend bu barədə TAP konsorsiumuna istinadən məlumat verir.

Konsorsiumun bəyanatında deyilir ki, TAP-ın Trans-Anadolu qaz kəməri (TANAP) ilə birləşdiyi Türkiyə-Yunanıstan sərhədindəki Kipoy məntəqəsindən Avropaya 5 milyard kubmetr qaz daxil olub.

TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, TAP Avropa enerji bazarında etibarlı ötürücü sistem operatoru rolunu oynayır:

"Enerji təhlükəsizliyinin təmin olunması və bir sıra bazarlarda şaxələndirmə ilə yanaşı, TAP vasitəsilə nəql olunan qaz həcmləri xüsusilə Cənub-Şərqi Avropada "yaşıl" enerjiyə keçidi dəstəkləyir. Bununla yanaşı, TAP vasitəsilə hidrogen kimi karbonsuz enerji mənbələrini nəql etmək və Avropa İttifaqının "yaşıl" enerjiyə keçid hədəflərinə uyğun olaraq tullantıları azaltmaq mümkün olacaq".

TAP-ın kommersiya direktoru Mariya Savova öz növbəsində bildirib ki, TAP-ın buraxılış güclərini mərhələli şəkildə iki dəfə artırmaq olar.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP boru kəmər 2020-ci il dekabrın 31-də istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti