Bakı. Trend:
"Cəbrayıl" enerji qovşağı Azərbaycanın enerji xətlərini Naxçıvana və Türkiyəyə birləşdirəcək.
Bunu Trend-ə özəl açıqlamasında “AzərEnerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.
"Bildiyiniz kimi bir neçə gün öncə cənab Prezidentin iştirakı ilə "Cəbrayıl" enerji qovşağının təməli qoyuldu. Bu layihə işğaldan azad olunmuş ərazilərdən əlavə ölkəmiz üçün də çox önəmli bir layihədir, çünki bu beynəlxalq enerji layihəsidir. Bu layihənin gerçəkləşdirilməsi üçün ilk növbədə “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq. “Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək və bu ərazidə 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək", - deyə T.Abdullayev bildirib.
Onun sözlərinə görə, bu yarımstansiyanın tikilməsinin müxtəlif önəmli tərəfləri var, bunlardan biri də ondan ibarətdir ki, yaxınlıqdakı “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası məhz "Cəbrayıl" qovşaq yarımstansiyası vasitəsilə həyata keçiriləcək.
"Sonrakı mərhələdə “Cəbrayıl” qovşaq yarımstansiyasından Naxçıvana 330 kilovoltluq xət çəkiləcək bu da çox böyük hadisədir, bilirsiniz ki, illərdir Naxçıvan Azərbaycanın ümumi enerji sistemindən ayrıdır. Naxçıvanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması təmin ediləcək. Naxçıvanda bunun üçün 330 kV-luq yarımstansiya tikiləcək. Daha sonra Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə elektrik verilişi xətti çəkiləcək. Bütün bunlardan sonra isə istər işğaldan azad olunmuş ərazilərə, istərsə də digər ərazilərə Azərbaycan enerjisi ötürüləcək. Azərbaycan enerjisi Naxçıvana, Türkiyəyə və Avropaya ötürülü biləcək", - deyə T.Abdullayev bildirib.