...

Azərbaycan enerji strategiyasını uğurla davam etdirir - Afət Həsənova

Energetika Materials 20 Dekabr 2022 13:51 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və yeni uğurlara imza atır. Azərbaycan Avropaya enerji təchizatının coğrafiyasını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib aktora və etibarlı tərəfdaşa çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputat Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycanın bu fəaliyyəti ölkəmizə böyük iqtisadi faydalar gətirməklə yanaşı siyasi dividentlər də qazandırır. “Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilməklə beynəlxalq aləmdə öz nüfuzunu daha da möhkəmləndirmiş olur. Bu gün Avropaya öz enerji təhlükəsizliyini təmin etmək üçün etibarlı tərəfdaşa, Azərbaycanın isə öz enerji resursalarını ixrac etmək üçün etibarlı bazara ehtiyacı var. Bu baxımdan Azərbaycan bu əməkdaşlıqdan böyük iqtisadi faydalar əldə edir”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu gün dünyada baş verən geosiyasi gərginlik fonunda Avropanın Azərbaycan qazına böyük ehtiyacı var.

“2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artırılmasında çox vacib bir sənəd idi və bu memorandum bir daha Azərbaycan ilə Avropa İttifaqı arasında etibarlı tərəfdaşlığı təsdiq etdi və Azərbaycanın Avopanın enerji təhlüksizliyinin təminatında vacib bir aktora çevrilməsinin daha bir təsdiq etdi.

Artıq sənədin icrasına başlanılıb. 2021-ci ildə il Azərbaycanın Avropa İttifaqı bazarına ixrac edilən təbii qazın ümumi həcmi 19 mlrd. kubmetr olmuşdu, 2023-cü ildə təxminən 24 mlrd. kubmetr olacaq. Bu, bir daha göstərir ki, Azərbaycan qazının Avropaya ixrac coğrafiyası genişlənməkdədir və Avropa ölkələri Azərbaycan qazını almağa böyük maraq göstərir.

Digər bir vacib məqam ondan ibarətdir ki, Azərbaycanın öz qazını Avropaya ixrac etmək üçün lazımi infrastruktur da qurub. Hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşurutları var və müxtəlif istiqamətə uzanan 4 qaz boru kəməri mövcuddur”, - deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir.

“Bu saziş Azərbaycan qarşısında yeni imkanlar açır və ölkəmizin enerji siyasətində yeni bir mərhələdir. Çünki Azərbaycan yaşıl və bərpa olunan enerji istehsalında geniş potensiala malikdir. Hazırda Azərbaycan bu istiqamətdə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və təbii ki, bu, yalnız başlanğıcdır.

Bununla yanaşı İkinci Qarabağ müharibəsində tarixi Zəfər nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı yüksək qiymətləndirilir.

Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın iqtisadi gücünün artmasına, əhalinin rifahının yaxşılaşmasına və eyni zmanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə xidmət edir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti