...

Prezident İlham Əliyevin "yaşıl" strategiyası: Azərbaycanın potensialı həm Aİ-ni, həm də ABŞ-ni maraqlandırıb

Energetika Materials 4 Aprel 2023 11:43 (UTC +04:00)
Prezident İlham Əliyevin "yaşıl" strategiyası: Azərbaycanın potensialı həm Aİ-ni, həm də ABŞ-ni maraqlandırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu iki ölkə arasında onsuz da uğurlu olan enerji əlaqələrində daha bir mühüm mərhələ oldu. Prezident İlham Əliyevin təkcə neft-qaz sahəsinin genişləndirilməsinə deyil, həm də "yaşıl" enerji sahəsində layihələrin inkişafına yönəlmiş yeni enerji strategiyası Azərbaycanın enerji siyasətini və onun beynəlxalq tərəfdaşlarının ölkə ilə tərəfdaşlığa baxışını tamamilə dəyişdirib.

Prezident İlham Əliyev bu yaxınlarda Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında Azərbaycanın çox böyük bərpa olunan enerji mənbələri potensialına malik olduğunu və gələcəkdə ölkənin Avropaya təkcə təbii qaz deyil, həm də "yaşıl" enerji ixrac edəcəyini qeyd edib.

Həqiqətən də Azərbaycanın bərpa olunan enerji potensialı 27 qiqavatdan çox sahildə külək və günəş enerjisi və Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat külək enerjisi təşkil edir. 2027-ci ilədək ölkə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilədək əlavə enerji imkanlarının ən azı 6 qiqavat təşkil edəcəyini gözləyir. Artıq bir qlobal enerji şirkəti təklikdə Azərbaycanda əlavə 10 qiqavat "yaşıl" enerjiyə investisiya qoymaq istəyini bildirib.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Zəngəzur iqtisadi zonaları) külək, günəş və hidroenergetika potensialı 10 qiqavatdan çoxdur. Bu əraziləri "yaşıl" enerji zonalarına çevirmək planı onları işğaldan azad etdikdən qısa müddət sonra yarandı. İndi isə Naxçıvanın bu vədverici təşəbbüsə qoşulması planlaşdırılır.

"Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin, bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var", - Prezident İlham Əliyev Berlin səfəri zamanı Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Məlumdur ki, Azərbaycanda 2040-cı ilədək istismara verilməsi planlaşdırılan istehsal imkanları ölkənin tələbatını əhəmiyyətli dərəcədə ötüb keçir. Eyni zamanda, istehsal potensialı yaradılmalı imkanlardan xeyli yüksəkdir.

Beləliklə, Azərbaycanın öz tərəfdaşlarına təklif etməyə hazırlaşdığı və artıq təklif etməkdə olduğu geniş imkanları əldən buraxmaq olmaz. Azərbaycan artıq Aİ ilə 2027-ci ilədək qaz tədarükünü ikiqat artırmaq barədə saziş imzalamaqla möhkəm əməkdaşlıq modeli formalaşdırıb - buraya həmçinin "yaşıl" enerji sahəsində əməkdaşlığın genişləndirilməsi daxildir. Bir sıra Avropa şirkəti artıq ölkənin müxtəlif hissələrində, o cümlədən, işğaldan azad edilmiş Qarabağda bərpa olunan enerji mənbələri üzrə fərqli layihələrdə iştirak edirlər.

Yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan daha nəzərəçarpan layihələrdən biri Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandıqdan sonra Azərbaycandan Avropaya "yaşıl" enerji ixracının başladılmasını nəzərdə tutur. Layihə çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Bu məqsədlə və Dünya Bankının dəstəyi ilə 2023-cü ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması planlaşdırılır.

Bu təşəbbüsdən bəhs edən Prezident İlham Əliyev Azərbaycanın Avropa üçün enerji tərəfdaşı olaraq əhəmiyyətinin getdikcə daha artdığını qeyd edib.

"Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır", - dövlət başçısı Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclasda deyib.

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun keçirilməsi Azərbaycana bərpa olunan enerji imkanlarının gücləndirilməsində yardım göstərilməsinə, habelə bazara ABŞ şirkətlərinin cəlbinə yönəlmişdi. ABŞ-nin bərpa olunan enerji istehsalçıları öz böyük texnoloji imkanları ilə Azərbaycan üçün çox səmərəli ola bilərlər. ABŞ şirkətləri də öz növbəsində burada öz bizneslərini inkişaf etdirə bilərlər, belə ki, Azərbaycan bazarı enerji daşıyıcılarının nisbətən aşağı qiymətləri sayəsində çox gəlirlidir.

Foruma gəlincə, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara forumun iki dövlət arasında ikitərəfli əlaqələrin böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini deyib.

"Energetika iqtisadi əməkdaşlığımızda həmişə mühüm rol oynayıb və ABŞ Azərbaycanın etibarlı enerji daşıyıcıları tədarükçüsü kimi rolunu uzun zamandır ki, dəstəkləyir. Bu forum Azərbaycanın özünün yaşıl enerji potensialından tam istifadəsinə kömək edəcək texniki və normativ innovasiyalara təkan verməyə kömək edəcək", - o deyib.

Xatırlatmaq lazımdır ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakı şəhərində keçirilən son iclasında ABŞ Dövlət katibinin Enerji resursları bürosunda enerji diplomatiyası üzrə köməkçisi Laura Lohman ABŞ-nin əsas diqqəti öz ixracına yönəltməklə Azərbaycanda yaşıl enerji sektorunun inkişafına investisiya qoymaq imkanını nəzərdən keçirdiyini qeyd edib.

"ABŞ öz avropalı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək məqsədilə "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyib və dəstəkləməyə davam edəcək. Bu dəhliz Avropa üçün çox vacib layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır", - Laura Lohman deyib.

"Külək və günəş enerjisi üçün böyük potensial mövcuddur və son olaraq hidrogenlə də eyni vəziyyət baş verəcək. Bu, investisiyalar həyata keçirildiyi müddətcə davam edəcək", - o əlavə edib.

Azərbaycan Respublikasının Energetika Nazirliyindən bildirildiyi kimi, ölkədə bərpa olunan enerji sahələrində layihələr üzrə ilk hərracların cari ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Tarixdə bərpa olunan enerji mənbələri üzrə ilk hərracın günəş enerjisi layihəsi ilə əlaqədar olacağı gözlənilir. Bu, Azərbaycanla ABŞ arasında "yaşıl" enerji sahəsində əməkdaşlığın inkişafına təkan verməlidir.

Prezident İlham Əliyevin yeritdiyi siyasət Azərbaycanı regionun aparıcı investisiya qovşağına çevirib və öz pullarını ölkədəki perspektiv layihələrə yatırmaq arzusunda olanların sayı bunu təsdiqləyir. Azərbaycan bunun üçün lazımi şəraiti yaradıb ki, buraya yüksək potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı və yeni hüquqi bazaya yönəlməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti