Azərbaycan Dövlət Neft Fondunun məlumatına görə, 2005-ci ildə fondun gəlirləri 2,04 dəfə artaraq 660 mln AZN, xərcləri isə 233 mln (33,7% artım) təşkil edib. Trend in Neft fondunun press-relizinə istinadən xəbər verdiyi kimi, neft müqavilələrinin həyata keçirilməsindən 567,3 mln AZN, mənfəət neftinin satışından 542,6 mln AZN, neftin Bakı-Supsa neft kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 15,6 mln AZN, bonus ödənişlərindən - 0,9 mln AZN, akrhesabı ödənişlərdən isə 8,2 mln AZN əldə olunub.
Xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 1,5 milyon manat gəlir əldə edilib. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sabitləşdirmə hesabından ARDNF-ə daxilolmalar 63, 3 milyon manat təşkil edib. Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 27,9 milyon manata bərabər olub.
Hesabat ili ərzində ərzində Neft Fondunun 2005-ci il büdcəsinin icrası çərçivəsində 40,4 milyon manat qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 41,0 milyon manat Bakı-Tiflis-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 150,0 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. 2005-ci ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,6 milyon manat olmuşdur.
Ötən il ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 91,9 milyon manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 88,4 milyon manat, dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı isə 3,5 milyon manat təşkil edib .2005-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik - hesabat valyutasi üzrə (Azərbaycan manatı) -5,69% , baza valyutası üzrə (ABŞ dolları) isə 2,79% təşkil edib. 2004-cü ilin yekunları üzrə bu göstəricilər 2,14% və 2,57%-ə bərabər olub. 2006-ci il yanvarın 1-nə Fondun aktivləri 1 280,4 manata (təqribən 1 394 milyon ABŞ dolları) bərabər olub.