Gürcü bazarından Avropa standartlarına uyğun olmayan benzinin çıxarılması müxtəlif mənfi proseslərə səbəb olardı. Trend in Gürcüstandakı xüsusi müxbiri ilə müsahibədə Neft məhsullarının idxalçıları, ixracçıları və istehlakçıları Şurasının prezidenti Vano Mtvralaşvili bildirib ki, bu, yanacağın qiymətinin kəskin bahalaşmasına, eləcə də kiçik və orta şirkətlərin kütləvi iflasına səbəb ola bilərdi.
"Bu, nəticədə Gürcüstanın başlıca strateji tərəfdaşı olan qonşu Azərbaycanla neft məhsulları üzrə ticarət münasibətlərinin dayandırılmasına gətirib çıxara bilər", - deyə o vurğulayıb.
Buna əsasən Gürcüstan höküməti birinci mərhələdə 2007-ci ilin yanvar ayından etibarən yalnız Avropa standartlarına uyğun gəlməyən A-80 türkmən benzininin satışını qadağan edir. Digər aşağı keyfiyyətli standartlara qadağa şamil edilmir, çünki Mtvralaşvilinin sözlərinə görə, bu, böyük sayda Azərbaycan benzininin çıxarılmasına səbəb olardı.
"İndi qadağa əsasən Gürcüstana tədarük olunan, daha aşağı keyfiyyətə malik və Gürcüstan bazarının 8%-ni tutan türkmən benzininə aid edilir", - deyə ekspert bildirib.