Böyük Britaniyanın təhsil sahəsində mədəni əlaqələrin və şəraitin inkişafı üzrə British Council Beynəlxalq Təşkilatı BP tərəfindən maliyyələşdirilən təqaüdlərin verilməsi proqramına başlayacaq. Trend in verdiyi xəbərə görə, bu barədə British Council-də məlumat veriblər.
Məlum layihənin əsas məqsədi Azərbaycanda istedadlı gənclərə karyeralarının inkişafı üçün vacib olan magistratura kursları keçmək imkanı yaratmaqdır. Layihəni BP-nin adından British Council keçirəcək. Bu təqaüdlər böyük Britaniyada təhsil almaq üçün bütün xərcləri (Aviabilet və yaşama xərcləri də aid olmaqla) ödəyəcək. Təqaüdlər Dövlət idarəetməsi, Bank işi, maliyyə işi və mühasibatlıq, İqtisadiyyat sahəsində magistr dərəcəsi almaq üçün müsabiqə əsasında veriləcək. Namizədliyə müvafiq sahədə ilk təhsili bitirməsi haqda diplomu, üç ildən az olmamaq şərtilə iş təcrübəsi olan şəxslər tələb olunur. Uzun müddət Azərbaycandan və keçmiş Sovet İttifaqından kənarda yaşamamış, ingilis dilini yaxşı bilən namizədlər seçiləcək.