...

Media Hüququ İnstitutu Azərbaycan Dövlət Neft Fondunun "İnformasiya əldə etmək haqqında" qanuna əməl etdiyini təsdiqləyib

Energetika Materials 1 May 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Media Hüququ İnstitutu (MHİ) Açıq Cəmiyyət İnstitutunun (Budapeşt) dəstəyi ilə "İnformasiya əldə etmək haqqında" qanuna əsasən informasiya mühitinin olub-olmadığı barədə araşdırma aparıb. Araşdırma çərçivəsində yanvarın 1-dən aprelin 15-nə qədər 144 quruma 230 sorğu göndərilib.

Sorğular MHİ ekspertləri tərəfindən tərtib edilib və qəzet əməkdaşları tərəfindən Milli Məclisə, nazirliklərə, dövlət komitə və agentliklərinə, icra hakimiyyətlərinə, bələdiyyələrə, məhkəmələrə, Mərkəzi Seçki Komissiyasına, Vəkillər Kollegiyasına, dövlət və özəl universitetlərə, ictimai qurumlara ünvanlanıb.

230 sorğudan yalnız 100-ü cavablandırılıb. Sorğuların icra olunmasının monitorinqi zamanı aydın olub ki, cavabların əksəriyyəti natamamdır və vaxtında təqdim olunmayıb.

100 cavabdan 67-si qanunla müəyyən olunmuş müddət keçəndən, yəni 7 gün limiti bitəndən sonra verilib. Cavabların 41-i natamam olub. 34 sorğu isə vaxtında cavablandırılıb. Həmin cavabların da 27-si natamamdır. MHİ hüquqşünaslarının yardımı ilə ilkin mərhələdə 21 dövlət qurumu sorğunu cavablandırmadığına görə məhkəməyə verilib. Həmin iddiaların 8-sı icraata götürülüb. Digər iddiaları icraata götürməyən məhkəmələrdən yuxarı instansiyalara şikayət edilib.

Sorğuların icra olunmasının monitorinqi zamanı bəlli olub ki, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Nəqliyyat nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi sorğuların cavablandırılmasına həvəssiz yanaşır.

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Bank, Dövlət Neft Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sorğuları ətraflı cavablandırmaları ilə diqqət çəkib.

Qanunvericiliyin "Bilgi sorğuları ən qısa müddətdə, ancaq 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır" tələbinə yalnız 5 qurum - Dövlət Statistika Komitəsi, MSK, Vergilər Nazirliyi, Neft Fondu və Konstitusiya Məhkəməsi əməl edib.

Araşdırma nəticəsində müəyyən olunub ki, yalnız ARDNF sorğulara vaxtında və dolğun cavab verib.

Xəbər lenti

Xəbər lenti