Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İyunun 6-8-də Almaniyanın Hayliqendamm şəhərində "Böyük səkkizlik"-in sammiti zamanı "Dünya iqtisadiyyatında inkişaf və məsuliyyət" adlı sənəd qəbul edilib. Bu barədə bazar ertəsi ARDNŞ-in yaydığı məlumatda göstərilib.
Sənədin "Mineral ehtiyatlar üzrə məsuliyyət: şəffaflıq və dayanıqlı inkişaf" adlı hissəsinə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair bəyanat daxil edilib.
"Biz Şəffaflıq Təşəbbüsünün güclənməsi üçün maliyyə, texniki və siyasi vasitələrlə davamlı yardım göstərməyi öhdəlik olaraq götürürük. Biz bütün maraqlı tərəfləri MHŞT-nin tətbiqinə dəstək verməyə çağırırıq",-deyə bəyanatda deyilir.
Sənəddə Təşəbbüsün müxtəlif ölkələrdə tətbiqinin qiymətləndirmə metodologiyasını inkişaf etdirməyin vacibliyi vurğulanır.
"Böyük səkkizlər"in sammitində belə bir sənədin qəbul edilməsi Azərbaycanın aparıcı rol oynadığı Şəffaflıq Təşəbbüsünün korrupsiyaya qarşı mübarizədə artıq qlobal standarta çevrildiyinin göstəricisidir.
Təşəbbüsün həyata keçirilməsi çərçivəsində Azərbaycanda artıq 5 hesabat dərc olunub. "Azərbaycan Təşəbbüsün tətbiqində olduğu kimi, onun qiymətləndirilməsində də ilk ölkə olmağı öz üzərinə götürüb",-deyə ARDNŞ-in məlumatında göstərilib.
Bu il Şəffaflıq Təşəbbüsünə dair daha bir nüfuzlu, beynəlxalq sənədin qəbul edilməsi gözlənilir. Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamənin BMT Baş Assambleyasının bu ilin payızında keçiriləcək toplantısında təqdim ediləcəyi gözlənilir.