Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Avqust ayında Tbilisidə işgüzar görüş keçiriləcək. Bu görüşdə Odessa-Brodı boru kəməri ilə neftin nəqli məsələsi müzakirə olunacaq. Bu sözləri çərşənbə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
"Hazırda xüsusi qrup işləyir. Növbəti görüş Tbilisidə keçiriləcək, orada mövqelərimizi uyğunlaşdıracağıq. Sonra dövlət başçılarının enerji sammiti keçiriləcək. Burada isə biz ölkələrin Odessa-Brodı-Qdansk layihəsində iştirakına dair konkret qərarlar hazırlayacağıq" - deyə nazir vurğulayıb.
May ayında Azərbaycan, Gürcüstan, Ukrayna, Litva və Polşa prezidentlərinin, habelə Qazaxıstan nümayəndəsinin Krakovdakı energetika sammitində iştirak etdiyi görüşdə hökumətlərarası saziş üzərindəki iş vasitəsilə əməkdaşlığın sürətləndirilməsi ilə bağlı qərar qəbul edilib. Müvafiq saziş dövlətlərin və şirkətlərin Odessa-Brodı boru kəməri ilə Xəzər neftinin dünya bazarlarına çıxarılması prosesində iştirakını tənzimləyəcək.
Sammit zamanı tərəflər 667 kilometr uzunluğu olan Odessa-Brodı kəmərini idarə edəcək birgə müəssisənin yaradılması ilə bağlı razılıq əldə ediblər. Sözügedən kəmərin açılışı 2001-ci ilin avqustunda baş tutub.
"Bu gün biz bütün dövlətlər üçün faydalı ola biləcək infrastrukturun yaradılması barədə düşünürük" - deyə Əliyev bildirib.