Bakı. Trend:
Azərbaycan bankları ekoloji, sosial və idarəetmə (ESG) standartlarına əsaslanan inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir və dayanıqlı bankçılıq üçün ESG standartlarına əsaslanan inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdırlar. Banklar "yaşıl maliyyələşmə"ni və dayanıqlı layihələri təşviq etməklə cəmiyyətin gələcəyinə töhfə verə bilərlər. Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul edilən "yaşıl taksonomiya" maliyyə sektorunda dayanıqlı inkişaf və "yaşıl keçid" üçün strateji məqsədlərin həyata keçirilməsi baxımından vaxtında atılmış mühüm addımdır. Bu sənəd iqtisadiyyatın müxtəlif sektorları üzrə yaşıl fəaliyyət növlərini, alt növləri və texniki təsnifat meyarlarını müəyyən edir və 10 sektoru əhatə edir”, - deyə V.Qasımlı vurğulayıb.