Əlcəzair. Trend:
Ənənəvi istiqrazlar ilə sukuk kimi İslam maliyyə alətləri arasında əməkdaşlıq investisiya portfellərində sabitliyin təmin olunmasına və risklərin azaldılmasına kömək edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (IsDB) xəzinədarı Məhəmməd Şəraf Əlcəzairdə IsDB Qrupunun illik toplantısı çərçivəsində keçirilən "Dövlət sukukları: milli maliyyələşmənin strateji aləti" mövzusunda panel müzakirəsində çıxış edərkən deyib.
“Ənənəvi istiqrazlar ilə sukuk arasında əməkdaşlıq portfellərdə müəyyən sabitlik və ya nisbətən az risklərlə müşayiət olunur. Məncə, bu, sukuka artan marağın əsas səbəblərindən biridir. Gələn il qlobal sukuk bazarının həcmi bir trilyon dollara çata bilər”, – deyə o bildirib.
Şərafın sözlərinə görə, sukuq buraxılışına yalnız İslam ölkələri deyil, qeyri-İslam ölkələri də maraq göstərir. “Filippin kimi ölkə artıq sukuq buraxıb. Çünki bu, həm emitent, həm də investor üçün üstünlüklər təklif edir”, – deyə o vurğulayıb.
O, İslam kapital bazarının şaxələndirilməsi və inkişafının vacibliyini qeyd edib. “Sukuk İslam banklarına kömək edir, çünki artıq likvidliyin uzunmüddətli dövrlər ərzində mənimsənilməsi üçün səmərəli alətdir. Bu alətlərin olmadığı ölkələrdə banklar əsasən qısamüddətli əməliyyatlardan asılıdırlar”,- deyə Şəraf izah edib.
Şəraf, həmçinin, sukukun emitentlər üçün rəqabət üstünlüklərini də vurğulayıb. “Birincisi, emitentlər ən aşağı faiz dərəcələri ilə maliyyələşməyə çalışırlar və ölkə daxilində likvidliyin mövcudluğu bunu reallaşdırmağa imkan verir. İkincisi, sukuk üzrə bazar faiz dərəcələri ənənəvi istiqrazların dərəcələrinə yaxınlaşıb. Bu isə alətlərin şaxələndirilməsi və tək bir investor növündən asılı olmamağı təmin edir”, – deyə o əlavə edib.
O bildirib ki, müasir sukuk bazarı keçmişə nisbətən əhəmiyyətli dərəcədə genişlənib. “Əvvəllər bu bazar yalnız müəyyən sahələri və coğrafiyaları əhatə edirdisə, bu gün o, müxtəlif istiqamətləri və regionları əhatə edir. Bu isə yeni investor kateqoriyalarını cəlb etməyə və ənənəvi maliyyə mərkəzlərindən asılılığı azaltmağa imkan verir”, – IsDB xəzinədarı yekunlaşdırıb