Bakı. Trend:
Sumqayıt Texnologiya Parkı ərazisində təqribən 15 ildir fəaliyyət göstərən və qeyri-neft məhsullarının ən böyük ixracçıları sırasına daxil olan "STP Global Cable llc" MMC Azərbaycanın "yaşıl" iqtisadiyyatının inkişafına töhfə verəcək.
Trend xəbər verir ki, bu barədə MMC-nin icraçı direktoru Tamerlan Kurkiyev məlumat verib.
"2024-cü il fevralın sonunda biz bərpa olunan enerji mənbələri (BEM) üçün elektrik kabellərinin istehsalı üzrə Avropa sertifikatı əldə etdik. Bu, Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafına ciddi töhfə olacaq", - deyə Kurkiyev qeyd edib.
O, bildirib ki, MMC Azərbaycanda dünya standartlarına uyğun olaraq elektrik avadanlığı, yanacaq-energetika sahəsində istifadə üçün müxtəlif növ kabellərin ən böyük istehsalçısıdır.
Həmçinin, "STP Global Cable llc" ölkədə müxtəlif xidmətlər üçün ödəniş terminalları və digər lazımi ixtisaslaşmış avadanlıq istehsal edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)