Bakı. Trend:
Qlobal Cənub ölkələri borclara əsaslanmayan iqlim maliyyəsi tələb edir.
Trend xəbər verir ki, bunu iqlim və sosial elmlər sahəsində müstəqil tədqiqatçı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) nəzdində gənclər təşkilatı “YOUNGO”nun üzvü Aya Xurşid "USCAN: yerli xalqların COP-un ehtimal olunan nəticəsinə baxışı" mövzusunda panel müzakirəsi zamanı deyib.
"Biz COP29-da iştirak etmək üçün Bakıya dünyanın hər yerindən sadəcə müəyyən bir məbləğdə razılaşmaq üçün gəlirik. İllərdir ki, itki və zərərin ödənilməsi Fondu ilə bağlı razılıq əldə etməyə çalışırıq. Ümid edək ki, bu vəsait bərpa işlərinə, həyatın maliyyələşdirilməsinə yönəldiləcək, dağıntılara deyil. İrsimiz dağıntıların maliyyələşdirilməsi ilə əlaqəli olmasın.
Burada iqlim maliyyələşdirilməsi barədə danışarkən, biz trilyonlarla vəsait tələb edirik. Biz borca əsaslanmayan, qlobal Cənub ölkələri üçün borc yükünü artırmayan iqlim maliyyələşdirilməsi tələb edirik. Bundan əlavə, iqlim maliyyələşdirilməsinin borcun silinməsi şəklində olmasını istəyirik.
Bu, həqiqətən, çox vacibdir. Çünki vəd edilən 100 milyard dollar hətta keçən il də reallaşmadı və onların 63 faizi kredit şəklində təqdim edildi. Buna görə də, burada yerli xalqların nümayəndələri olaraq tələb etdiyimiz, ictimai maliyyələşmə, qrantlar olmalıdır”, – o bildirib.
Onun sözlərinə görə, “yaşıl” iqlim fondu bəzən təsdiq üçün 3 il tələb edir.
"Sonu olmayan bürokratiya. Biz əslində nə tip iqlim maliyyələşdirilməsi təklif edirik? Tarixi bir məqamdayıq və qeyd etmək vacibdir ki, iqlim dəyişikliyi nağıl deyil. Zərərli sahələrin miqyasını azaltmağa başlamalıyıq. Bu yolla maliyyələşməni təmin edə bilərik. Biz post-inkişaf düşüncəsinə çağırırıq və bundan əlavə, bu, çox vacib bir məqamdır və gələcək nəsillər burada qəbul etdiyimiz qərarlardan təsirlənəcək. Bu günlər ərzində birlikdə çox çalışaq. Ümid edirəm ki, biz öhdəliklərimizi yerinə yetirəcəyik", - Aya Xurşid əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu gündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.