...

COP for Hope: Qırğızıstan COP29-a böyük ümidlər bəsləyir - Səfir

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 14:51 (UTC +04:00)
COP for Hope: Qırğızıstan COP29-a böyük ümidlər bəsləyir - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovdur.

Səfir qeyd edib ki, onun ölkəsi COP29-a böyük ümidlər bəsləyir.

“İlk dəfədir ki, ölkəmiz belə genişmiqyaslı ekoloji tədbirdə öz pavilyonunu açır və bu gün onu bütün dünyaya nümayiş etdiririk. Burada ekoloji cəhətdən təmiz, milli məhsullar və xüsusilə Qırğızıstan xalqının dünyagörüşünü və dəyərlərini simvolizə edən məişət və mədəniyyət əşyaları təqdim olunur”, - M.Mamıtkanov deyib.

Onun sözlərinə görə, COP29 Qırğızıstanın çox şey gözlədiyi bir tədbirdir.

“BMT-nin iqlim dəyişikliyi məsələləri ilə bağlı platformasında öz gündəmimizi irəli aparmağa çalışırıq və əsas mövzulardan biri "dağ dialoqu" təşəbbüsüdür. Dağ ölkəsi olaraq Qırğızıstan iqlim mövzusunda, xüsusən buzlaqların sürətlə əriməsi, su resurslarının deqredasiyası və digər iqlimlə bağlı təhdidlər haqqında məhsuldar dialoqun başlanması üçün səylər göstərir. Bu məsələlər getdikcə daha aktual olur və onların nəticələri qaçılmazdır”, - o əlavə edib.

Maksat Mamıtkanov vurğulayıb ki, bu təşəbbüsə Qırğızıstan Prezidenti rəhbərlik edir və COP29 çərçivəsində, beynəlxalq platformalarda dağ ölkələrinin problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək yolları müzakirə ediləcək.

“Dağ mövzusu Qırğızıstanın gələcək inkişafı üçün böyük əhəmiyyətə malikdir, çünki su resurslarının deqredasiyası bizim su-enerji potensialımızı azaldır ki, bu da öz növbəsində kənd təsərrüfatına və ümumilikdə iqtisadiyyata mənfi təsir göstərir. Su ehtiyatlarının itirilməsi kənd təsərrüfatı imkanlarımıza birbaşa təsir edir və iqtisadi artımı məhdudlaşdırır.

Bu, yalnız iqtisadiyyatı deyil, həm də sosial məsələləri əhatə edir. Buna görə də ekoloji mövzu ölkəmizin dayanıqlı inkişafı ilə bağlı prioritet bir məsələdir. Özəl sektorun ÜDM-yə töhfəsi əhəmiyyətlidir və insanların iqtisadi imkanlarının iqlim dəyişikliklərinin mənfi təsirlərindən sarsılmaması üçün şərait yaratmalıyıq", - o əlavə edib.

Onun sözlərinə görə, Qırğızıstan dövlət olaraq onlara lazımi dəstəyi göstərməlidir və bu məsələdə onlara BMT-nin də köməyi lazımdır.

“Beynəlxalq təşkilatları elə şərait yaratmağa çağırırıq ki, biz iqtisadi cəhətdən fəal əhalimizi dəstəkləyə bilək. Bundan əlavə, strategiyamızın vacib bir hissəsi ekoloji və mədəni turizmin inkişafıdır, bu, iqtisadiyyatın müxtəlifləşdirilməsinə töhfə verir. Bu, insanları iqtisadi proseslərə cəlb edir, iş yerləri yaradır və xalqımızın iqtisadi vəziyyətini gücləndirir”, - səfir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti