Bakı. Trend:
Antiqua və Barbuda COP29-da iqlim maliyyələşdirilməsi üzrə aydın və əhəmiyyətli bir hədəf ilə konsensus əldə etməyə çalışırlar, bunun üçün kifayət qədər maliyyə vəsaiti təmin olunmalıdır ki, bu da uyğunlaşmanı təmin etməyə və davamlılığı gücləndirməyə kömək etsin.
Trend xəbər verir ki, bunu Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.
O, Antiqua və Barbudanın borcun yükünü artıran kreditlərə qarşı olduqlarını, daha dayanıqlı infrastrukturun bərpası üçün kompensasiya qrantları şəklində birbaşa investisiyalar üçün tərəfdar olduqlarını vurğulayıb. Bu maliyyələşdirmə iqlim ədalətinə nail olmaq üçün ədalətli, əlçatan və borc öhdəliklərindən azad olmalıdır.
"Hər il hərəkətsizlik zəifliyimizi artırır və yaşadığımız haqsızlıqları dərinləşdirir. Biz artıq gözləyə bilmərik, boş vədlər gerçək addımlara çevrilməlidir. Onilliklər boyu zəngin ölkələr zəif ölkələri dəstəkləmək üçün ildə 100 milyard dollar ayırmağı vəd ediblər. Lakin bu vədlər əsasən yerinə yetirilməyib. İndi Yeni Kollektiv Kəmiyyət Hədəfini müzakirə edərkən biz yenə də öhdəliklərin yerinə yetirilməsini asanlaşdırmayan təkliflərlə qarşılaşırıq", - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, əsas çirkləndiricilər olan zəngin ölkələr emissiyaların azaldılması və təmiz enerji keçidi üçün qlobal karbon vergisinin tətbiqi üzrə qərarlı addımlar atmaqları əvəzinə məsuliyyəti özəl kapitala ötürməyə çalışırlar.
"İqlim dəyişikliyinə ən çox məsuliyyət daşıyanlara demək istəyirəm ki, mənəvi məsuliyyətin vaxtı gəlib çatıb. İqlim ambisiyalarını artırmaq vaxtıdır. Əgər dəstək vədləri yerinə yetirilməzsə, ədalət onların yerinə yetirilməsini tələb edir", - deyə Qaston Braun vurğulayıb.
O əlavə edib ki, COP29 dünyada ədalətin seçiləcəyi və boş vədlər yerinə qərarlı addımlar atılacaq bir dönüş nöqtəsi olmalıdır.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.