...

"Azərkosmos" ASC və "Orbital" Azərbaycanın "Azerspace" peykinin son dizaynını müzakirə edirlər

Telekommunikasiya Materials 11 İyul 2011 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC-nin nümayəndələri "Azerspace" milli telekommunikasiya peykinin son dizaynını müzakirə etmək üçün ABŞ-dadırlar. Bu barədə bazar ertəsi Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

ABŞ-ın "Orbital Science Corporation" şirkəti "Azərkosmos" ASC-yə "Azerspace"in buraxılması proqramı üzrə peykin tikintisinin gələcək gedişini müəyyən edən son konstruksiyanın (CDR - Critical Design Review) qiymətləndirilməsini təqdim edib.

Sənəddə kosmik aparatın texniki xarakteristikasının ümumi təsviri göstərilib. Tərəflər layihə çərçivəsində bu günədək həyata keçirilən işləri də müzakirə edirlər.

Buna kimi peyk istehsalçısı "Orbital Science Corporation" tikintiyə peykin ayrı-ayrı hissələrinin hazırlanması üzrə işlər aparan podratçıları cəlb edib. "Azerspace" peykinin tikintisi üzrə işlər tam olaraq 2012-ci ilin sentyabrında başa çatmalıdır. Peykin orbitə çıxarılması isə 2012-ci ilin sonunda həyata keçiriləcək.

Çəkisi 3 tondan çox olacaq "Azerspace" peyki Fransanın "Arianspace" şirkətinin "Ariane 5 ECA" raketdaşıyıcısında Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromundan (Qviana kosmik mərkəzi) buraxılacaq.

Peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

Azərbaycanın telekommunikasiya peyki "Azerspace" rəqəmsal teleradio yayım, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin yaradılması kimi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

"Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 GHz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 GHz) təchiz olunacaq. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti