...

Dağlıq Qarabağın işğalı Azərbaycanın bu regionunda poçt xidmətlərinin təşkilinə mane olur

Telekommunikasiya Materials 13 Sentyabr 2011 17:14 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməyincə, Azərbaycan poçt göndərişlərinin Ermənistana çatdırılması üçün tranzit ölkə rolunda çıxış etməyəcək.
Dağlıq Qarabağın işğalı Azərbaycanın bu regionunda poçt xidmətlərinin təşkilinə mane olur

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir H.Vəliyev/

Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməyincə, Azərbaycan poçt göndərişlərinin Ermənistana çatdırılması üçün tranzit ölkə rolunda çıxış etməyəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistana ünvanlanmış poçt göndərişləri istisna olmaqla, Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvü olan bütün ölkələrə poçt göndərişlərinin çatdırılmasını, eləcə də öz ərazisi vasitəsilə tranziti təmin etməyi öhdəsinə götürüb.

"Biz bu məsələlərlə bağlı aktları Ümumdünya Poçt İttifaqı çərçivəsində sözsüz yerinə yetiririk. Ermənistan işğal olunmuş əraziləri azad etməyincə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana poçt göndərişlərinin çatdırılması istisnadır", - Məmmədov deyib.

Dağlıq Qarabağa və ətraf rayonlara poçt göndərişlərinin çatdırılmasına gəldikdə, bu, ərazilərin işğal altında olması səbəbindən mümkün deyil.

Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağa və ətraf rayonlara ünvanlanan Azərbaycana daxil olan poçt göndərişlərinin yarlıqlarında göstərilir ki, bu ərazilər poçt yollamalar üçün əlçatmazdır.

"Bizə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara ünvanlanan yollamalar daxil olduqda, onlar bu ərazilərin göndərişlər üçün əlçatmaz olduğu göstərilməklə geri qaytarılır", - Məmmədov deyib.

Əvvəllər Dağlıq Qarabağa və ətraf rayonlara poçt göndərişlərinin çatdırılması Bakı-Yerevan və Bakı-Xankəndi marşrutları ilə həyata keçirilirdi. Hazırda Qarabağın aran hissəsinə- Horadiz və Ağdama poçt çatdırılmaları avtomobillər vasitəsilə həyata keçirilir.

Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasından sonra poçt bağlamaları Horadizdən Zəngilan, Qubadlıya, Ağdamdan Xankəndinə, oradan isə Şuşaya çatdırılacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti