...

Mobil rabitə operatoru Azərbaycanda 3G şəbəkəsinin yerləşdirilməsi üçün tezlik alıb

Telekommunikasiya Materials 1 Noyabr 2011 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir H.Vəliyev /

Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell" MMC mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik ayırıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Azercell"in Korporativ əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə məlumat verib.

Söhbət operatora 1900-2100 Mhz tezlik resursunun verilməsindən gedir.

Həsənzadənin sözlərinə görə, tezliyin verilməsi haqqında qərar oktyabrın 27-də qəbul edilib. Tezlik resurslarının olması 3G standartının yerləşdirilməsi üzrə lisenziyanın alınmasında ilk addımdır.

Onun sözlərinə görə, hazırda şirkət 3G şəbəkəsinin işə salınmasına tam hazırdır. Bunun üçün yalnız ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lazımi lisenziyasının olması tələb olunur.

"Biz çox ümid edirik ki, lisenziyanın verilməsi məsələsi artıq bu həftənin sonunda həll olunacaq. Lisenziyanın alınmasından sonra ən qısa müddətdə şirkət 3G xidmətlərinin göstərilməsinə başlayacaq", - Həsənzadə deyib.

Çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri İltimas Məmmədovun dediyi kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu həftənin sonunadək Azercell və Bakcell operatorlarına 3G xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyalar təqdim edəcək.

"Məsələ ilə bağlı ümumi qərar həmin kollegiya iclası çərçivəsində qəbul ediləcək. Tezliklər məsələsinə gəldikdə bu barədə artıq Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı var. Məsələ habelə operatorların özləri arasında da müzakirə olunur", - Məmmədov deyib.

Hökumət tərəfindən lisenziyanın rəsmi qiyməti 11 min manat məbləğində müəyyənləşdirilib.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura böyük vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlıqları və kommutatorlarını, eləcə də baza stansiyalarını müasirləşdirməlidirlər.

Bir müddət əvvəl şirkətdən Trend-ə verilən məlumata görə, son üç il ərzində operator üçüncü nəsil şəbəkəsinin tətbiqi ilə bağlı hazırlıq işləri görür, bununla əlaqədar 3G xidmətlərinin göstərilməsi nəzərə alınmaqla stansiyaların sayı müəyyən ediləcək. Hazırda təxminən baza stansiyalarının təxminən 30 faizi 3G standartına uyğundur.

Operator ilin sonunadək 170-ə yaxın yeni baza stansiyası quraşdırmağı planlaşdırır. Hazırda Azercell şəbəkəsində baza stansiyalarının sayı iki min ədədə çatır.

Avadanlıqların tədarükçüsü qismində əsasən Ericsson şirkəti çıxış edir.

Azercell şirkəti Azərbaycanın mobil rabitə bazarının 55 faizini tutur. Operatorun şəbəkəsinin əhatə dairəsi 80 faiz təşkil edir. Şirkətin abunəçilərinin sayı 4,2 milyonu ötür.

Xəbər lenti

Xəbər lenti