Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/
Qarabağın cənub rayonları TAA (Trans-Asiya-Avropa) kabel magistralına qoşulacaq. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Nazirliyin məlumatına görə, bu istiqamətdə işlər "Aztelekom" İB tərəfindən aparılır.
Bu layihənin ardı kimi optik kabel xəttinin Zəngilan, Qubadlı, Cəbrayıl və Laçına qədər çəkilməsi planlaşdırılır.
Hazırda Füzuli rayonunun işğaldan azad olan ərazilərində - Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS mövcuddur.
Bundan başqa rayonda yeni salınan yaşayış məntəqələri və telefonlaşdırılmayan kəndlərdə telefon rabitəsinə olan tələbatın ödənilməsi məqsədilə CDMA simsiz rabitə şəbəkəsindən geniş istifadə olunur.
CDMA rabitəsinin rayonun bütün yaşayış məntəqələrində tətbiqini həyata keçirmək məqsədilə yaxın vaxtlarda Böyük Bəhmənli kəndində yeni baza stansiyası tikiləcək. Bundan başqa, yaxın vaxtlarda Qazaxlar, Mirzənağılı, Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə 25 kilometrdən çox məsafədə optik kabel xətti çəkilməsi işləri başa çatdırılmalıdır. Bu layihənin həyata keçirilməsi ilə həmin kəndlərdə yeni EATS-lər və genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq.
Operator tərəfindən digər telefonlaşdırılmayan kəndlərdə də optik kabellər çəkilməklə yeni elektron ATS-lərin tikilməsi planlaşdırılır.