...

Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib

Telekommunikasiya Materials 20 Sentyabr 2012 18:07 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.
Əhalinin sosial müdafiəsi mərkəzlərinin əksəriyyəti elektron imza ilə təmin edilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə artıq 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, daha bir elektron imza sertifikatı yaxın günlərdə Xidmətin Sosial xidmətin təşkili sektorunun müdirinə veriləcək. Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşların da elektron imza sertifikatı ilə təmin olunması işləri davam etdirilir.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə" 2012-ci il 15 may tarixli əmrinə əsasən, ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanılıb. Artıq 39 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsi ilə həyata keçirilir.

Bununla bağlı olaraq, Xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən 68-i artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın müddətdə digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Ümumilikdə, bu vaxtadək nazirliyin Aparatı və struktur bölmələri üzrə 195 ədəd elektron imza sertifikatı alınıb.

Qeyd edək ki, elektron imza informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiyalara əlavə edilməklə, yaxud onlarla məntiqi əlaqəli olaraq, imza sahibini identikləşdirməyə imkan verən informasiya vasitəsidir. Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Ölkə qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Qeyd edək ki, Azərbaycan 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrində də müvafiq əməkdaşların elektron imza ilə təmin edilməsi işləri aparılır.

Xəbər lenti

Xəbər lenti