Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/
Bakıda keçiriləcək 18-ci Azərbaycan "Telekommunikasiya və informasiya texnologiyaları" Beynəlxalq sərgi və konfransı çərçivəsində sərgiyə baş çəkmək istəyənlər üçün hər cür şərait yaradılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ITE Group Plc-nin icraçı direktoru Edvard Stroon "BakuTel 2012"-nin açılışına həsr edilmiş mətbuat konfransında deyib.
"Noyabrın 6-9-da sərgidə ziyatətçilərin sərgidə uğurla çıxış etmələri və İKT sahəsində müasir nailliyyətlərlə tanış olmaları üçün hər cür şərait yaradılacaq", - Stroon qeyd edib.
Onun sözlərinə görə, sərginin işində 23 ölkədən 160 şirkət iştirak edəcək. Sərgidə 8 kollektiv ekspozisiya təqdim olunacaq. Onların arasında Avstriya, İsrail, Kanada, Fransa, Litva, Xorvatiya və Estoniyanın milli qrupları var. Bu il sərgidə ilk dəfə Sloveniyanın milli qrupu iştirak edəcək.
Sərginin 40 faizini daimi iştirakçılar təşkil edirlər. Onlar arasında yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları, servis şirkətləri var.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mətbuat konfransında deyib ki, "BakuTel" sərgisi Azərbaycanın İKT sektorunda mühüm hadisədir.
Onun sözlərinə görə, hazırda ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal işlər aparır və İKT sektorunun inkişafı bu istiqamətlərdən biridir.