...

Əli Abbasov: Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsi 132 milyon dollar təşkil edəcək

Telekommunikasiya Materials 29 Mart 2013 14:42 (UTC +04:00)
Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsinin həcmi 132 milyon dollar təşkil edəcək.
Əli Abbasov: Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsi 132 milyon dollar təşkil edəcək

Azərbaycan, Bakı, 29 mart/Trend/

Bu il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilməsinin həcmi 132 milyon dollar təşkil edəcək. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.

Nazirin sözlərinə görə, qeyd edilən məbləğ Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ayrılıb. Bu il vacib təşəbbüslər, həyata keçirilməsi planlaşdırılmış layihələr sırasında "evə optika" layihəsi də var. Bu layihə ölkədə FTTH (fiber to the home) modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutur.

"ARDNF-nin maliyyə dəstəyilə həyata keçirilən layihə təqribən 500 milyon dollar həcmində qiymətləndirilir. Bu üçillik layihə yüksək rentabelli hesab edilir: ikinci ildən başlayaraq, onun ümumi dəyərinin 30-35 faizi təkrar investisiya qoyuluşları hesabına maliyyələşdiriləcək" , - Abbasov deyib.

Nazirin sözlərinə görə, layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.

Nazir deyib ki, yaxın perspektivdə Azərbaycanın təşəbbüsü ilə daha bir beynəlxalq layihənin həyata keçirilməsi gözlənilir. Söhbət Transavrasiya Superinformasiya Magistralının (TASIM) çəkilməsindən gedir. BMT Baş Assambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASIM layihəsi Honkonqu Frankfurt ilə birləşdirəcək fiberoptik magistralın çəkilməsini nəzərdə turur. Bununla da magistral geniş Avrasiya məkanını yüksək sürətli internetlə təmin edəcək.

Azərbaycanın belə beynəlxalq təşəbbüslərdə təcrübəsi var. Nümunə olaraq, Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının çəkilməsi üzrə layihəni göstərmək olar. Ötən ilin sonunda başa çatmış bu layihə Rusiya, İran və Oman ilə tərəfdaşlığı nəzərdə tutur.

"Artıq gələcək konsorsiumun tərəfdaşları - Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin iri telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq işləri aparır. Təbii ki, onun yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun əsas informasiya qovşağı olmaq imkanı verəcək" , - nazir qeyd edib.

Nazirin sözlərinə görə, bu yaxınlarda təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası yaxın 10 il ərzində ümumi daxili məhsulun həcminin ikiqat atrırılmasından ibarətdir. Abbasov hesab edir ki, buna qeyri-neft sektorunun və İKT sahələrinin inkişafı hesabına nail olmaq nəzərdə tutulur.

"Bu məqsədə çatmaq qeyd edilən dövrdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün, əgər 2011-ci ildə İKT sektorunda gəlir 1,7 milyard dolar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 milyard dollara çatdırılmalıdır. Bu məqsədlə təkcə dövlət xəttilə 3,6 milyard dollar həcmində investisiya yatırmaq planlaşdırılır: investisiya qoyuluşlarının müvafiq həcmi beynəlxalq investorlar daxil olmaqla özəl sektoru təmin etməlidir", - Abbasov deyib.

Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda İKT sahəsinin inkişaf perspektivləri istiqamətində olduqca nikbin kökləniblər. Onların proqnozlarına əsasən, sahələr üzrə islahatların davamı, xüsusilə potensial investorlar üçün preferensiyalar rejiminin yaradılması 2025-ci ilədək İKT sahəsində gəlirlərin səviyyəsini ölkə ÜDM-in 10 faizinədək çatdırmağa imkan verəcək. Sonuncu dünyanın inkişaf etmiş ölkələrində təklif edilən sahələrin gəlirliyinin səviyyəsinə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti