...

Bakıda "Biznesdə ideal IP-telefoniya həlləri" mövzusunda seminar keçirilib (FOTO)

Telekommunikasiya Materials 18 İyun 2013 18:15 (UTC +04:00)
"Ultra" və "D-Link" şirkətləri iyunun 12-də tərəfdaşlıq proqramı əsasında Azərbaycanın bir sıra şirkət və dövlət qurumlarının İT mütəxəssisləri üçün "Biznesdə ideal IP-telefoniya həlləri" mövzusunda seminar keçirib.
Bakıda "Biznesdə ideal IP-telefoniya həlləri" mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Ultra" və "D-Link" şirkətləri iyunun 12-də tərəfdaşlıq proqramı əsasında Azərbaycanın bir sıra şirkət və dövlət qurumlarının İT mütəxəssisləri üçün "Biznesdə ideal IP-telefoniya həlləri" mövzusunda seminar keçirib.

"Ultra" şirkətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, seminarın məqsədi İT mütəxəssislərə "D-Link" IP-telefoniya və s. məhsullarının texniki tərəfdən məlumatların verilməsi və bir sıra məhsulların təqdimat formasında çalışma formasını təqdim etmək idi.

Bu gün Azərbaycanda iqtisadi inkişafın artan dinamik tempi biznes mühitinin sürətlə inkişafına böyük təkan verir. Azərbaycan şirkətləri və ölkədə fəaliyyət göstərən xarici şirkətlər bizneslərin ideal çalışmaları üçün müəyyən İT texnologiyalar vasitəsindən istifadəni labud bilirlər. Müasir zamanda inkişaf etmiş hər bir şirkət və qurum ofis və ya idarələrində yüksək texnologiyalardan yararlanır və iş fəaliyyətinin asanlaşdırılmasında, daha səviyyəli xidmətin göstərilməsi üçün zəruri addımlar atır. Məhz İT sahəsində bu zəruri xidmətləri göstərə biləcək ən böyük şirkətlərdən biri də "Ultra" şirkətidir. Şirkətin İT sahəsi üzrə dünyanın ən böyük texnologiya şirkətləri ilə tərəfdaşlığı mövcuddur. Belə şirkətlərdən də biri "D-Link" şirkətidir.

Seminarı "Ultra" şirkətinin İnfrastruktur məsələləri üzrə departamentinin direktoru Ruslan Romanenko açıb. R.Romanenko əvvəlcə "Ultra" şirkətinin son illər əldə etdiyi uğurlardan və tərəfdaş qismində təqdim olunan "D-Link" şirkətindən bəhs edib.

O qeyd edib ki, 2004-cü il iyun ayının 22-də Bakı Biznes Mərkəzində ilk dəfə olaraq Azərbaycanda və Qafqazda (Wi-Fi Hot Spot Zone) internet qlobal şəbəkəyə ümumi giriş nöqtələrinin təntənəli açılış mərasimi keçirilib. Həmin il MDB ölkələrində ilk dəfə olaraq "Ultra" şirkəti Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin 3 saylı orta məktəbində, daha sonra isə Bakı şəhərinin 6 saylı liseyində mobil təhsil sistemini tətbiq edib. Sistemin tərkib hissəsi "D-Link" naqilsiz giriş nöqtələri vasitəsilə lokal şəbəkəyə və internetə qoşulmuş portativ noutbuklardır.

Sonra söz "D-link" şirkətinin layihə meneceri Viktor Kolosova verilib. 1986-cı ildə yaradılmış "D-Link" şirkəti şəbəkə və telekommunikasiya avadanlıqlarının dünyaca məşhur istehsalçısı etalonuna çevrilib. 11 ildən artıq "Ultra" şirkəti ilə birgə əməkdaşlıq sayəsində bir çox layihələrə imza atılıb. Seminarın mövzusuna əsasən, Viktor Kolosov IP-telefoniya haqqında seminar iştirakçılarına ümumi məlumat çatdırıb.

IP-telefoniya və yaxud internet telefoniya - internet şəbəkəsində səs siqnallarının ötürülməsini həyata keçirmək üçün tətbiq edilən texnologiyadır.

Bu texnologiyanın əsas işləmə prinsipi: səs siqnalları, məlumat paketi formasına düşür. Bu məlumat paketləri internet şəbəkəsi vasitəsilə qarşı tərəfə ötürülür. Qarşı tərəfdə isə bu paketlər geriyə dekodlaşaraq yenə də səs siqnalı formasına qayıdır.

"D-Link" kommutatoru əsasında ofisdaxili IP-telefoniya sistemi kiçik ofislərin daxilində telefon əlaqəsinin təşkili üçün heç də baha olmayan həll təqdim edir və klassik ofis ATS-nin alternatividir. Bu sistemin tərkib hissələri klassik həll variantına çox bənzəyir. Lakin onların qarşılıqlı əlaqəsi üçün tamamilə başqa yanaşmalar tətbiq edilir.

Çıxışının sonunda Viktor Kolosov qeyd edib ki, məhz IP-telefoniya rabitə operatorlarına minimal təşkilati xərclər və pul xərcləri ilə rabitə xidmətinin rouminqini təşkil etmək imkanı yaradır. IP-telefoniya texnologiyaları bazasında yaradılmış həllər daha çevik olmaları ilə bərabər, adi qaydada yaradılmış həllərdən dəfələrlə ucuz başa gəlir.

Seminarın sonunda Viktor Kolosovla seminar iştirakçıları arasında maraqlı diskusiyalar olub, müxtəlif suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti