...

Azercell Azərbaycan "start-up"ı beynəlxalq arenaya çıxarılır

Telekommunikasiya Materials 17 Oktyabr 2013 19:23 (UTC +04:00)
Azercell-in Barama İnnovasiya Mərkəzinin layihəsi daha bir uğura imza atıb. Belə ki, noyabr ayında keçiriləcək "VentureOut" adlı mobil biznesin inkişafına istiqamətlənmiş beynəlxalq müsabiqənin finalında Azərbaycan da təmsil olunacaq.
Azercell Azərbaycan "start-up"ı beynəlxalq arenaya çıxarılır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azercell-in Barama İnnovasiya Mərkəzinin layihəsi daha bir uğura imza atıb. Belə ki, noyabr ayında keçiriləcək "VentureOut" adlı mobil biznesin inkişafına istiqamətlənmiş beynəlxalq müsabiqənin finalında Azərbaycan da təmsil olunacaq.

Yarışmaya Barama İnnovasiya Mərkəzində inkişaf etdirilən gənc proqramçı Dilarə Rüstəmzadə üzərində çalışdığı "TuningFork" adlı "start-up"la qatılacaq.

Məlumat üçün bildirək ki, "VentureOut" beynalxalq müsabiqəsi mobil texnologiyalar sahəsində yaranan biznesin inkişafı və genişlənməsinə dəstək üçün keçirilir. Finalçılar arasında Avropa, Afrika və Mərkəzi Asiyadan olan tibb, təhsil, musiqi, o cümlədən əyləncə mövzusunda mobil tətbiqetmələrini və internet səhifələrini yaradan proqramçılar var.

Qeyd edək ki, "VentureOut" müsabiqəsinə 32 ölkədən 119 "start-up" qoşulub və onlardan yalnız 13 "start-up" Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək finalda iştirak edərək öz layihələrini təqdim edəcək. Qalib "start-up"lar layihənin inkişafı üçün qrant və ABŞ və Avropada biznes təlimlərində iştirak etmək imkanı əldə edəcək.

"TuningFork" layihəsinin əsas məqsədi canlı oxuma zamanı yanlış səslərin (tonların) aradan qaldırılmasıdır. Layihə ilkin mərhələ olaraq karaoke istifadəçiləri üçün nəzərdə tutulan səsin yoxlanılmasını həyata keçirir. İstifadəçilərin bu veb-xidmət vasitəsilə canlı oxuma zamanı hansı anda yanlış oxuduqları haqqında məlumat almaqla yanaşı, onların oxunması qiymətləndiriləcək.

"Azercell Telekom" gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak edib.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti