...

Azercell-in Bölgə Tələbə Proqramının qalibləri müəyyən edildi (FOTO)

Telekommunikasiya Materials 21 Yanvar 2015 18:35 (UTC +04:00)
Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom-un reallaşdırdığı Bölgə Tələbə Proqramının qalibləri artıq müəyyən olunub.
Azercell-in Bölgə Tələbə Proqramının qalibləri müəyyən edildi (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan gənclərinin inkişafına yönəlmiş layihələri dəstəkləyən və təhsillə bağlı bir sıra proqramlar həyata keçirən Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom-un reallaşdırdığı Bölgə Tələbə Proqramının qalibləri artıq müəyyən olunub.

Bölgə Tələbə Proqramının mərhələli seçimləri nəticəsində Azercell-in Təqaüdçüsü adını qazanan beş tələbə ali təhsillərinin sonunadək şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi yer alıb.

Məlumat üçün bildirək ki, Azercell 15 oktyabr 2014-cü il tarixində Bölgə Tələbə Proqramına başlayıb. Azercell Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə Bölgə Tələbə proqramına qatılmaq imkanını yaradıb. Bölgə Tələbə Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq və korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətə töhfə verməkdir.

Seçimlər 2 mərhələdə baş tutub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Birinci mərhələ ərəfəsində Azercell-in İnsan Qaynaqları mütəxəssisləri Lənkaran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Dövlət Universitetində təqdimatlar keçirib. İkinci seçim mərhələsində iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı, müxtəlif mövzularda Azərbaycan dilində inşa yazmaq tapşırığı verilib. Bundan əlavə, tələbələr Azercell-in mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər.Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.

Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan Tələbə Proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin dəstəyilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti