Bakı. Trend:
Azərbaycanın Qazaxıstan və Türkmənistandan olan həmkarlarla birgə həyata keçirməkdə olduğu "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi Mərkəzi Asiya və Avropa ölkələri arasında məlumat ötürülməsini sürətləndirməyə imkan veəcək.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu "AzerTelecom" şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
"Həmçinin bu layihənin reallaşdırılması Azərbaycanı rəqəmsal haba çevirməyimizə imkan verəcək. Ölkəmiz bərpa olunan enerji ixracı ilə yanaşı beynəlxalq trafik də nəql edəcək", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Şərqdən Qərbə yüklərin daşınmasında hab rolunu oynayır.
"Qeyd etmək istəyirəm ki, ölkəmiz bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və onu gələcəkdə Avropaya ixrac edə bilər. Bununla əlaqədar olaraq,artıq Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında müvafiq memorandum imzalanıb", - o deyib.
Qeyd edək ki, "Digital Silk Way" layihəsinin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycan ərazisindən keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafından ibarətdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)