Bakı. Trend:
Visa Azərbaycanda beynəlxalq ödəniş sisteminin növbəti inkişaf mərhələsi üzərində çalışır.
Bu barədə Trend-ə özəl müsahibəsində Visa-nınmüsahibəsində vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş deyib.
""B2B Connect" layihəsi ölkə üçün mühüm əhəmiyyət kəsb edib, belə ki, bu Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda işə salınmış ilk layihə idi. Layihəni ilk işə salan Kapital Bank Azərbaycanın bank sisteminin digər iştirakçılarına çox maraqlı gəldi. Nəticədə hazırda təkcə Azərbaycanda bu platformanı işə salmış artıq yeddi bankımız və bunun üzərində çalışan banklar var. Artıq mövcud olan ödəniş qərarlarına əlavə olaraq, beynəlxalq ödənişlərin nöpvbəti inkişaf sistemi üzərində aktiv şəkildə işləyirik", - o deyib.
Kristina Doroşun sözlərinə görə, Visa artıq birinci hissəni reallaşdırıb - əsasən orta və iri şirkətlər olmaqla hüquqi şəxsıər üçün ödəniş xidmətləri göstərən "B2B Connect" platformasını tətbiq edib.
"Bir qayda olaraq, şirkətlər bu ödənişləri nisbətən böyük məbləğlərdə həyata keçirir. Bununla yanaşı, biz anlayırıq ki, təkcə hüquqi şəxslərin deyil, həm də fiziki şəxslərin beynəlxalq ödənişlərə böyük tələbatı var. Fiziki şəxslər həmçinin, xaricdəki dostları, həmkarları, tanışları, uşaqları və ailələri üçün pul köçürmələri edə, eləcə də bizneslə məşğul ola bilərlər", - deyə o vurğulayıb.
Kristina Doroş həmçinin, Visa-nın transsərhəd köçürmələr üçün həlli kompleks və tam etmək məqsədilə "Visa Direct to Account" (VDA) həlli üzərində işlədiyini qeyd edib.
"Bu, vəsaitlərin xaricə hətta mütləq karta deyil, sadəcə hesaba köçürülməsi imkanıdır. Demək olar ki, istənilən məqsədlə xaricə pul köçürmə üçün Visa rahat, təhlükəsiz və sürətli həll təqdim edir. Hüquqi şəxslər üçün "B2B Connect", kartdan karta pul köçürənlər üçün isə "Visa Direct" platforması var və kart nömrəsinə köçürmələrə imkan verir. Üçüncü istiqamət kartdan hesaba köçürmədir. Hətta dördüncü istiqamət hazırlanır ki, bu da kartdan pulqabıya köçürmədir. Bütün bu xidmətlər birlikdə tam və bütün ehtiyacları qarşılayan beynəlxalq köçürmələr platformasını yaradır", - o deyib.
Krsitina Doroşun sözlərinə görə, Visa-nın Azərbaycanın yerli bankları ilə münasibətləri möhkəmlənərək inkişaf edir.
"Əlbəttə, innovativ həllərin hazırlanması və tətbiqində əsas tərəfdaşlarımız banklardır. Azərbaycanın bütün bankları ilə əməkdaşlıq edirik və bu əməkdaşlığın ilbəil daha da möhkəmlənərək genişlənməsinə çox şadıq. Əvvəllər ola bilsin ki, daha məhdud sahələrə - kartlar, kart məhsulları və texnologiyalarına - fokuslanırdıqsa, artıq Visa banklarla daha geniş, müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu həm marketinq, həm də konsaltinq xidmətləridir və bizim "managed services" adlandırdığımız demək olar ki, bankın adından icra etdiyimiz işdir. Biz birlikdə layihəni hazırlayırıq və daha sonra Visa komandası işin müəyyən hissəsini konkret tərəfdaş üçün həyata keçirir. Əməkdaşlıq yalnız genişlənəcək və biz buna ürəkdən şadıq", - deyə o qeyd edib.
Kristina Doroş həmçinin, 2013-2014-cü illərdə Visa-nın ölkədə ilk dəfə təmassız ödənişləri tətbiq etdiyini qeyd edib.
"Həmin illərdə bu ekvayrinq ilə bağlı idi, daha sonra isə emissiya istiqamətində də genişləndi. Artıq terminallar təmassız ödənişləri qəbul edə bilər, kartlar vasitəsilə isə öz növbəsində təmassız ödəniş həyata keçirmək mümkündür. Daha sonra, 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə ilk dəfə "Visa Token Service" tokenizasiya texnologiyasını tətbiq etdik. Bu bizim bank və ya emitent pulqabısı adlandırdığımız anlayışın yaranmasına səbəb oldu. Beləliklə, Azərbaycanda ilk dəfə kartı smartfonda mobil tətbiqə bağlamaq və onunla satınalmaları ödəmək imkanı yaranıb. Sonradan bu servisə Kapital Bank, daha sonra isə digər banklar qoşulub. Tokenizasiya ölkədə "Apple Pay" və "Google Pay" həllərinin yaranması üçün zəmin yaradıb. Bu gün bu texnologiyalar Azərbaycanda geniş istifadə olunur və daha populyardırlar, çünki satınalmaları onlar vasitəsilə ödəmək daha sürətli, rahat və təhlükəsiz olub. Artıq Visa kartını "Apple Pay" tətbiqinə 14 bankda, "Google Pay" tətbiqinə isə 15 bankda bağlamaq mümkündür", - deyə o qeyd edib.
Kristina Doroşun sözlərinə görə, əməkdaşlığın digər maraqlı istiqaməti "qeyri-kart" ödənişləridir.
"Kapital Bankın 88 ölkəni əhatə edən böyük Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda "B2B Connect" həllini tətbiq edən ilk bank olması ilə ürəkdən qürur duyuram. Bu, bankların xidmət göstərdiyi və aktiv ixrac-idxal fəaliyyəti ilə məşğul olan şirkətlərin beynəlxalq transsərhəd ödənişləri rahat, təhlükəsiz və nəzarət olunan şəkildə həyata keçirməsinə imkan verən qeyri-kart həllidir. Bu istiqamətdə çalışanlar ödənişin hansı müxbir bankda olduğunu izləməyin nə qədər çətin olduğunu bilirlər. "B2B Connect" ödənişi göndərənin daima ödənişinin harada olduğunu bilməsinə imkan yaradıb. Hazırda Azərbaycanda bu həll 7 bankda tətbiq olunub", - o deyib.
Banklarla əməkdaşlıq mövzusunu davam etdirən vitse-prezident bir sıra sosial əhəmiyyətli layihəni qeyd edib.
"Misal üçün, nəqliyyatda əlavə nəqliyyat kartı əldə edərək yükləməyə ehtiyac olmadan gedişin adi bank kartı ilə təmassız ödəniş imkanı kimi nəqliyyat həllərini göstərmək olar. Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Beynəlxalq Bankının (ABB) və "Azərbaycan Dəmir Yolları"nın tərəfdaşlığı ilə Bakı-Sumqayıt yolunda gedişin təmassız ödəniş sistemini tətbiq etdik. 14 stansiyada validatorlar (ödənişin kart vasitəsilə qəbulu üçün terminallar) quraşdırılıb. Artıq Bakı-Sumqayıt və əks istiqamətdə gedişləri təmassız kartla ödəmək mümkündür. Görürük ki, ola bilsin, əvvəllər ödəniş üçün kartdan istifadə etməmiş və nağd ödənişə üstünlük verən insanlar nəqliyyatda gedişə görə ilk dəfə kartla ödəniş cəhdindən sonra bunun necə asan olduğunu anlayır və özləri üçün rəqəmsal ödənişlər dünyasını kəşf edirlər", - deyə o bildirib.
Kristina Doroş həmçinin vurğulayıb ki, sərnişinlərin çoxu sonradan rəqəmsal ödənişlərdən həyatın digər sahələrində, misal üçün, supermarketlər, yanacaqdoldurma məntəqələri, apteklər və s. yerlərdə istifadə etməyə başlayır.
"Beləliklə, nəqliyyat rəqəmsal ödənişlərin mühüm inkişaf istiqamətinə çevrilir və görülən işlə ürəkdən qürur duyuruq. İlk dəfə bizim regionda, məhz Bakıda dəmir yolunda nəqliyyat ödənişlərinin yeni texnologiyasını tətbiq etmişik. Biz onu MTT – "Mobility & Transit Transaction" adlandırırıq. Artıq dəmir yolunda bu sistemi tətbiq etdik, lakin məqsədimiz müxtəlif nəqliyyat növlərinin inteqrasiyasını davam etdirməkdir. Ümumilikdə texnologiya hər bir nəqliyyat növünün tariflərini və onların tarif şəbəkələrini nəzərə alaraq bütün gün ərzindəki ödənişləri (metro, avtobus və dəmir yolunda) bir tranzaksiyaya çevirməyə imkan verir. Bu həqiqətən işə yarayır. Müxtəlif tariflər zonalardan, eləcə də sizin statusunuzdan (pensiyaçı, tələbə və ya məktəbli olmağınızdan) asılıdır. Sistem bütün bu faktorları nəzərə ala bilir. Bu da regionumuzda ilk dəfə Bakıda tətbiq olunub", - deyə o qeyd edib.
Kristina Doroşun sözlərinə görə, nəqliyyat sistemlərinin inkişafı nöqteyi-nəzərindən, Visa-nın dəmir yolu marşrutlarında tətbiq etdiyi texnologiya yalnız başlanğıcdır.
"Bakı metrosunda, yerüstü nəqliyyatda və s. təmassız ödənişin tətbiq imkanlarının müzakirəsinə açığıq. "Mobility & Transit Transaction" (MTT) texnologiyamız ictimai nəqliyyatdakı bütün ödənişləri birləşdirməyə imkan verir. Bu böyük perspektivdir - misal üçün, buraya park yerlərinin ödənişlərini də inteqrasiya etmək olar. Bu məsələlər məqsədi "ağıllı" şəhər olan prosesin bir hissəsidir. Biz paytaxtın "ağıllı" şəhər olaraq inkişafının davam etməsində maraqlıyıq və bu səbəbdən Azərbaycanda nəqliyyat sisteminin bütün operatorları ilə əməkdaşlıqda maraqlıyıq", - o deyib.
Kristina Doroş həmçinin, Mərkəzi Asiya regionu və Azərbaycanın innovasiyaların inkişafı nöqteyi-nəzərindən liderlərdən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, Visa komandası innovasiya və texnologiyaları təşviq edən rəqəmsal ödənişlərin inkişafının daima Mərkəzi Asiya və Azərbaycanda irəliləməsi üçün səylər göstərir.
"Regionumuzdakı ölkələr rəqəmsallaşmanın inkişaf səviyyəsinə görə həmcins deyil. Bu, müxtəlif səbəblərlə şərtlənib. Eyni zamanda, regionumuz haqlı olaraq innovasiyaların inkişafı nöqteyi-nəzərindən lider regionlardan biri hesab olunur. Mərkəzi Asiya və Azərbaycanda tətbiq olunmayan demək olar ki, heç bir ödəniş texnologiyası yoxdur. Misal üçün, biz Qazaxıstanda "Request to Pay на рельсах Visa Direct" xidmətini işə salmışıq. Bu, dünyada ilk bu cür xidmətin işə salınması idi. Xidmət bankın digər müştərisindən pul köçürməsi üçün sorğu göndərməyə və ya hesabı bölüşməyə imkan verir.
Misal üçün, mən sizə mobil tətbiqə sorğu göndərə bilərəm və sizə belə bir mesaj gələcək: "Kristina onun üçün 10 dollar köçürməyinizi xahiş edir. Köçürülsün?" Siz "Bəli, köçürülsün" düyməsinə klikləsəniz, "Visa Direct" əsasında köçürmə tranzaksiyası həyata keçiriləcək və sizin hesabınızdan mənim hesabıma pul göndəriləcək", - Kristina Doroş deyib.
Onun sözlərinə görə, xüsusən söhbət fiziki şəxslər arasında köçürmələrdən gedirsə, misal üçün, dostlar arasında ümumi hesab bölüşdürülən zaman bu, texnologiyanın çox maraqlı tətbiqidir. Doroş şirkətin həmçinin, fərdi sahibkarlar üçün həllər təklif etdiyini qeyd edib.
"Bu texnologiyaya daha geniş baxsaq, onun tətbiqi həmçinin, "Customer to Business" (C2B) formulunda əks oluna bilər - bu, sərhədsiz olaraq mikro və nanobiznesə inkişaf etmək imkanıdır. Bu, məzmun satan şəxslər, blogerlər, eləcə də sosial şəbəkələrdə məhsullar təklif edən və ya digər növ kiçik sahibkarlıqla məşğul olan insanlara aiddir. Əgər sahibkarın "Visa Business" kartı varsa, o rəqəmsal ödənişlər qəbul etməklə mövcud POS-terminal vasitəsilə ödəniş qəbulu kanallarının üfüqünü genişləndirə bilər. "Visa Business" kartı əlavə cihazlara ehtiyac olmadan ödəniş qəbul etməyə imkan verir. Bu, öz kiçik bizneslərini quran yüz minlərlə insanın bunu rəqəmsal üsulla edə bilməsi məqsədilə irəliləmək mühüm imkanlar açır", - Visa-nın vitse-prezidenti deyib.
Onun sözlərinə görə, hazırda Qazaxıstan Milli Bankı rəqəmsal valyuta olan rəqəmsal tengenin tətbiqi üzərində aktiv şəkildə çalışır.
"Qazaxıstan Milli Bankı, Milli Ödəniş Korporasiyası və ölkənin üç aparıcı bankının tərəfdaşlığı ilə dünyada "rəqəmsal tenge"yə bağlı ilk Visa kartını buraxdıq. Nağd ödənişlər, nağdsız ödənişlər, indi isə üçüncü CBDC – "Central Bank Digital Currency" adlanan üçüncü pul forması var. Dünyada CBDC-yə bağlı ilk kart bizim tərəfimizdən Qazaxıstanda tətbiq olunub", - o deyib.
Doroşun sözlərinə görə, Visa bazardakı müxtəlif tərəfdaşlarla, o cümlədən ticari xidmət müəssisələri, fintexlər və tənzimləyicilərlə əməkdaşlıq edir.
"Bazarın bütün iştirakçıları ilə innovasiya və texnologiyalara əsaslanmış tərəfdaşlıq hər gün ödəniş xidmətlərindən istifadə edən insanların həyatını asanlaşdırmağımıza şərait yaradır və onlara maliyyə sahəsində daha çox imkanlar yaradır. Bu, rifah səviyyəsinin yaxşılaşmasına səbəb olur, belə ki, maliyyə vasitələrindən istifadə kiçik biznesi daha səmərəli idarə etməyə və ailənin gəlirini artırmağa imkan verir, eləcə də bütünlükdə iqtisadiyyatın inkişafına şərait yaradır", - deyə o qeyd edib.
Kristina Doroş həmçinin bildirib ki, nəqliyyat sistemlərinin ümumi inkişafından bəhs edərkən Visa-nın dünyada nəqliyyat üçün ödəniş həllərinin hazırlanması üzrə aparıcı yer tutduğunu qürurla qeyd etmək lazımdır.
"Dünyada bir çox şəhərlərin sakinləri artıq nəqliyyat sektorunda Visa texnologiyalarına əsaslanan nağdsız ödənişin rahatlığı, sürəti və təhlükəsizliyini yüksək qiymətləndirib. Bu bilik, təcrübə və texnologiyaları biz şübhəsiz, Mərkəzi Asiyada və mövcud olduğumuz digər regionlarda tətbiq edirik. Misal üçün, Daşkənddə ictimai nəqliyiyatın bütün növlərində təmassız ödəniş imkanı təmin etmişik. Daşkəndin hər bir metro stansiyası kartların qəbulu üçün validatorlarla təchiz olunub. Həmçinin, Bişkekdə ictimai nəqliyyatda təmassız ödənişi işə salmışıq. Azərbaycanda Bakı-Sumqayıt istiqamətində və əksinə gediş zamanı təmassız kartla ödəniş etmək imkanı var. Almatıda təmassız ödəniş metroda eləcə də Qazaxıstanın yeddi şəhərində avtobuslarda əlçatandır. Həmçinin Tbilisidə metroda və yerüstü ictimai nəqliyyatda təmassız ödəniş imkanı təmin etmişik, Gürcüstanın daha 6 şəhərində avtobus sərnişinlərinin bu cür imkan var. Beləliklə, mövcud olduğumuz demək olar ki, bütün ölkələrin paytaxtları, o cümlədən Kiyev, Kişinyov və Minsk, eləcə də 50-dən çox kiçik şəhər artıq təmassız ödəniş imkanı ilə təchiz olunub və biz bu texnologiyanı Bakıda tətbiq etməyə hazırıq", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu gün ödəniş innovasiyaları sahəsində maraqlı fenomen müşahidə olunur.
"Ödəniş innovasiyaları misal üçün, 65 il bundan əvvəl Visa-nın əsasının qoyulduğu ABŞ-də meydana gəlib. Demək olar ki, şirkət dünyada maliyyə məlumatlarını və texnologiyalarını birləşdirən ilk fintex olub. Bu gün ödənişlər sahəsində getdikcə daha çox innovasiyaların məhz bizim regionumuzda meydana çıxdığını görürük. Burada bankların innovasiya texnologiyalarını tətbiq etməyə hazırlığı, eləcə də əhalinin bu texnologiyalardan istifadəyə hazır olması əsas rol oynayıb", - deyə o sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)