...

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyaları TAA layihəsi üzrə protokol imzalayıblar

Telekommunikasiya Materials 25 Dekabr 2006 16:24 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qazaxıstan respublikasının informatizasiya və rabitə agentliyi Trans-Asiya-Avropa (TAA) optik magistral kabel xəttinin Xəzər sualtı seqmentinin çəkiliş məsələsi üzrə protokol imzalayıblar. Bu barədə Trend ə Azərbaycan Rabitə Nazirliyindən məlumat verilib. Bu məsələdə tərəflərin əməkdaşlığını möhkəmləndirən sənədin imzalanması haqqında qərar bu yaxınlarda Moskvadakı görüş zamanı qəbul olunub.

"Bu layihə üzrə sonrakı addımlar protokolun Rabitə Nazirliyinə daxil olmasından sonra müəyyən olunacaq", - deyə dövlət qurumundan bildirilib.

Dövlət idarələrinin TAA məsələsi üzrə danışıqlarının birinci mərhələsi 2006-cı ilin fevral ayında baş tutub. Qazaxıstan tərəfi bildirib ki, kabelin çəkilişi üzrə qismən maliyyələşdirmə üzrə öhdəlikləri öz üzərinə götürməyə hazırdır. Azərbaycan bildirib ki, layihə xərclərinin 50 faizini maliyyələşdirmək imkanına malikdir.

Mütəxəssislər qeyd edirlər ki, əvvəlki dövrlə müqayisədə, Qazaxıstan layihəyə böyük maraq göstərməyə başlayıb və bu, sonuncu görüşlərdə xüsusilə hiss olunub.

Yəqin ki, bunun səbəbi Qazaxıstan telekommunikasiya bazarında yeni operatorların yaranmasıdır. QazaxTelekom şirkəti ilə yanaşı, həmçinin Qazaxıstan Telekommunikasiya bazarında iş təcrübəsinə malik KazTransCom şirkəti də layihəyə maraq göstərməyə başlayıb.

Bu şirkətin nümayəndələri ilə görüşlərdə qeyd olunub ki, KazTransCom xərclərin 50 faizini maliyyələşdirməyə hazırdır. Əgər Qazaxıstanın informatizasiya və rabitə üzrə Agentliyi və AR Rabitə Nazirliyini təmsil edən hər iki tərəf ümumi razılığa gəlsələr, Azərbaycan tərəfi bu şirkətlə işləməyə etiraz etməyəcək.

Bu günə qədər TAA optik - lif kabelinin Xəzər sualtı ərazidən başqa, Şanxaydan Frankfurta qədər bütün seqmentlərində tikinti işləri başa çatıb, ona görə də TAA kabeli üzrə informasiya mübadiləsi İran və Rusiya ərazisindən tranzitlə həyata keçirilir, bu isə magistralın təhlükəsizliyini azaldır və uzunluğunu artırır.

Layihə reallaşdırıldığı halda Azərbaycan bölgədə əsas tranzit dövləti olacaq. layihə Orta Asiyaya ölkəmizin ərazisindən tranzitlə Türkiyə ilə birbaşa əlaqə yaratmağa imkan verəcək. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələr Qazaxıstan ərazisindən keçməklə, Çinlə rabitə qurmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti