Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Cənubi Koreya ilə hava hərəkətinə nəzarət əlaqəsini dayandırmaq planı barədə məlumatlandırıb.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Bildirilib ki, KXDR hələ ötən il beynəlxalq təşkilata məktub göndərərək, 2025-ci ildən etibarən hava nəzarət əlaqəsini kəsməyi planlaşdırdığını bildirib. Bununla bağlı Rəsmi Seul isə əlaqənin davam etdirilməsinin vacib olduğunu bəyan edib.
Qeyd edək ki, 1997-ci ildə əldə edilən razılaşmaya əsasən, Şimali və Cənubi Koreya arasında hava hərəkətinə nəzarət mərkəzləri üçün birbaşa əlaqə yaradılıb. İki ölkə arasında birbaşa uçuşlar olmasa da, hər gün səhər saat 7-də bu rabitə kanalı yoxlanılır. Lakin Şimali Koreya 2023-cü ilin aprelindən etibarən koreyalararası və hərbi rabitə kanalları vasitəsilə Cənubi Koreyanın gündəlik zənglərinə cavab vermir.