...

Mehdi Abdullayev: Bu Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq

Nəzər nöqtəsi Materials 14 Avqust 2018 16:07 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi.
Mehdi Abdullayev: Bu Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq

Bakı. Elçin Mehdiyev - Trend:

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan 22 illik danışıqlar prosesi öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında tarixi əhəmiyyətli sənədi imzaladılar.

Bunu Trend-ə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib.

M.Abdullayev bildirib ki, bu, son ayların, son illərin çox əlamətdar və tarixi hadisələrindənn biridir: “Həmin gün müasir tariximizə qızıl hərflərlə yazılacaq. Bu Konvensiyanın baş tutması və imzalanmasında Azərbaycanın və ölkə Prezidenti İlham Əliyevin rolu, xidmətləri müstəsnadır, əvəzsizdir”.

Onun sözlərinə görə, bəlkə də Azərbaycanın və ölkə Prezidentinin bu məsələdə fəal rolu, iştirakı, siyasi iradəsi və qətiyyəti olmasaydı, Konvensiyanın imzalanması daha bir neçə il çəkərdi: “Məhz ölkəmizin, dövlətimizin başçısının fəallığı, iradəsi, səbri və təmkini sayəsində 22 illik danışıqlar prosesi öz müsbət nəticəsini verdi, tarixi imzalanma mərasimi baş tutdu”.

Eyni zamanda, 2018-ci il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən M.Abdullayev bildirib ki, danışıqlar prosesi onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi:

“Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu”.

Ekspert vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi balanslı xarici siyasət kursunun Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir, Azərbaycanın digər ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir:

“Bu baxımdan bir daha hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan və Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkünsüz olardı və yaxud daha 22 il çəkərdi. Yəni bu sənəd, ilk növbədə, Azərbaycan Prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu baxımdan imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti mövcuddur”.

M.Abdullayevin sözlərinə görə, məlum Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir:

“Odur ki, bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yəni bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən bu sənədin imzalanması, eyni zamanda, digər regionlar üçün böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıqdan söhbət gedir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti