Bakı. İlhamə İsabalayeva - Trend:
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixində olduqca mühüm hadisə idi.
Bunu Trend-ə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşir oğlu deyib.
Alim bildirib ki, həmin dövrdə istər regionda, istərsə də dünyada mürəkkəb proseslər cərəyan edirdi: "Belə bir şəraitdə müstəqil dövlətin qurulması olduqca çətin, hətta qeyri-mümkün idi. Buna baxmayaraq, Zaqafqaziya Seyminin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Təbii ki, dövlətin mövcudluğu hər şeydən öncə onun bu mövcudluğunu qoruyub saxlamağa imkan verəcək bütün zəruri şərtlərin olmasını tələb edir. Bu şərtlər içərisində paytaxt amili mərkəzi yerdə dururdu".
E.Mirbəşir oğlu hesab edir ki, Bakının işğal altında olması yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) gələcək taleyini sual altında qoyurdu.
Fəlsəfə doktoru əlavə edib ki, Bakı coğrafi mövqeyinə, ticari-iqtisadi potensialına, ən əsası isə siyasi çəkisinə görə olduqca strateji əhəmiyyət kəsb edirdi. Şəhər Xəzərin sahilində olmaqla, həmin dövrün əsas kommunikasiya xətləri üzərində yerləşirdi:
"Bu baxımdan həm bolşeviklər, həm də ingilislər nəyin bahasına olursa-olsun, Bakını əldə saxlamağa çalışırdılar. Çünki Bakının əldə saxlanılması həm bütövlükdə Azərbaycan ərazilərində cərəyan edən prosesləri yönləndirməyə, həm də Orta Asiyaya rahat çıxmağa imkan verirdi ki, bu da sonrakı illərin perspektivlərində ciddi siyasi və iqtisadi dividendlərin əldə olunmasını şərtləndirəcəkdi".
E.Mirbəşir oğlu deyib ki, bütün bunların fonunda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun birbaşa hərbi dəstəyi ilə Bakının işğaldan azad olunması Azərbaycan dövlətçiliyi tarixinin qızıl səhifəsi kimi qiymətləndirilməlidir. Məhz Bakının işğaldan azad olunmasından sonra yeni yaradılmış dövlət ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərmək imkanı əldə edib:
"Məsələn, Milli Ordunun yaradılması, təhsil sisteminin formalaşdırılması istiqamətində təsirli addımların atılması, sənaye quruculuğunun əsasının qoyulması və s. hökumətin Bakıya köçməsindən sonra mümkün olub".
Alim qeyd edib ki, Bakının işğaldan azad olunması həm də Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı xarakterinin tarixi köklərinin mövcudluğuna dəlalət edir:
"Bu, iki dövlət, xalq arasında səmimi dostluğun, tərəfdaşlığın bir nümunəsi idi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, türk qoşunları həm də Gəncəyə daxil olaraq hökumətin orada yerləşməsinə şərait yaradıb. Bu gün Bakının işğaldan azad edilməsindən artıq 100 il ötür. Bu müddət ərzində dünyada və regionda olduqca gərgin, ağrılı və ziddiyyətli proseslər cərəyan edib. Lakin tarixi ədalət öz yerini tapdı. Azərbaycanla Türkiyə arasındakı hazırkı dostluq və qardaşlıq iki tam müstəqil, bütün mənalarda güclü dövlət arasındakı dostluq və qardaşlıqdır. Bu iki qardaş ölkə yenə də bir-birilərinin yanındadır və artıq özlərini müstəqil güc kimi təqdim edirlər".