Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir E.Tariverdiyeva, V. Javoronkova/ Rusiyanın Gürcüstandan ayrılmış iki regionun müstəqilliyini tanınması, Avropa İttifaqının (Aİ) Moskvaya qarşı siyasətini əsaslı şəkildə dəyişməyəcək; ilk növbədə, Avropanın Rusiya yanacağından enerji asılılığına görə.
"Rusiya -Aİ münasibətləri əvvəlki kimi neytral qalacaq. Fransa və Almaniyanın Rusiyanın qaz və neftindən asılılığı, sözsüz ki, qarşılıqlı əlaqələr sxemində mühüm amildir" - deyə avropalı ekspert Tomoyuki Haşimoto (Tomoyuki Hashimoto) bildirib.
Rusiya prezidenti Dmitri Medvedyev çərşənbə axşamı Abxaziya və Cənubi Osetiya respublikalırının müstəqiliklərinin tanınmasına dair fərman imzalayıb. Bu, avqustun əvvəlində gürcü qoşunlarının Tsxinvaliya daxil olması ilə gərginləşən Gürcüstan - Cənubi Osetiya münaqişəsi zəmində baş verib.
Rusiya tərəfindən Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərinin tanınmasını artıq Fransa prezidenti Nikolya Sarkozi, AFR-in kansleri Angela Merkel, ABŞ Dövlət Katibi Kondoliza Rays, eləcə də, Avropa və ABŞ -ın bir çox digər rəsmi şəxsləri pisləyib.
Ekspertlərin rəyinə görə, Avropa ölkələri Gürcüsatının öz müqəddaratlarını təyin etmiş regionlarına münasibətdə Rusiyanın hərəkətini pisləyərkən, ən azı, yaxın gələcəkdə Moskva ilə münasibətlərini gərginləşdirməyəcək. Belə ki, onlar Rusiya yanacağından asılılıqlarını yaxşı dərk edirlər.
Hazırda Rusiya Avropanın qaza olan tələbatının 30 faizini tədarük edir. Rusiya Almaniyanın "mavi yanacağa" olan tələbatının 40 faizini, Polşa və Bolqarıstanın -65 faizini, Macarıstanın -70 faizini, Çexiya Respublikasının - 80 faizini təmin edir. Avstriya, Slovakiya və Baltikyanı ölkələrdə istehlak olunan qazın hamısı Rusiydan daxil olur.
Qafqaz üzrə avropalı ekspert Amanda Akçakoçanın (Amanda Akcakoca) rəyinə görə, məhz Avropanın enerji asılılığı, Rusiyaya Aİ qadağalarından ehtiyatlanmadan Gürcüstanın iki regionunun müstəqilliyinin tanınması qərarına rəvac verib. O hesab edir ki, Moskvanın bu proqnozları gəlcəkdə özünü doğruldacaq. "Rusiya Qərbi küncə sıxışdırdığına tam əmindir və Qərb, sadəcə olaraq, Moskva ilə münasibətlərini dondura bilmir", - deyə Trend Akçakoça bildirib.
Stenford Universiteti nəzdində Ümumdünya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının üzvü Tomoyuki Haşimotonun sözlərinə görə, Aİ üçün alternativ tədarükçü azdır: xaosun hökm sürdüyü, yaxud da ABŞ -ın nəzarəti altında olan Yaxın Şərq ölkələri və Latın Amerikası, məsələn, Birləşmiş Ştatlar, qismən də Avropaya qarşı dost münasibətdə olmayan Venesuela.
"Belə ki, beynəlxalq bazarın Çin və Hindistana görə daha da rəqabətqabiliyyətli olduğunu nəzərə alsaq, Rusiya - Avropa münasibətləri siyasi ritorikadan asılı olmayaraq möhkəmlənəcək", - deyə Trend Haşimoto bildirib.
Avropalı ekspert Arnold Kemelin (Arnold Kammel) fikrincə, Rusiya açıq- aydın göstərmək istəyir ki, gələcəkdə Qərbin yalnız iki yolu qalır: münasibətləri dayandırmaq və ya əməkdaşlıq etmək. "Aİ Rusiya ilə əməkdaşlıq etmək istəyirsə, Rusiyanın həm də əməkdaşlıq normalarını müəyyən etmək istəməsi amilini qəbul etməlidir", - deyə Trend professoru Kemel bildrib.
Lakin, onun rəyinə görə, Aİ Rusiya qazı və neftindən asılı olsa da, Aİ ilə Moskva arasındakı yeni tərəfdaşlıq sazişləri çərçivəsində aparılan danışıqlar dayandırıla da bilər. Və bu, Avropa dövlət və hökumət rəhbərlərinin sentyabrın 1-də yüksək səviyyədə keçiriləcək növbəti görüşündə məlum olacaq. Ekspert hesab edir ki, iştirakçılar burada Rusiyaya qarşı yeni mövqe müəyyən etməli olacaqlar.
Lakin aydındır ki, Aİ-nin Rusiya ilə münasibətlərin tezliklə nizamlanması istiqamətində öz şərtləri var.
Rusiyalı ekspert Sergey Markov hesab edir ki, Aİ, Rusiyaya qarşı tələbləri olsa belə, vəziyyətin sülh yolu ilə nizamlanmasını istəyir. "Onlar Rusiyanın hərbiləşdirilməsini istəmir və Rusiyanın keçmiş Sovet məkanındakı problemlərini Cənubi Osetiada etdiyi kimi həll etməyi davam etdirməsindən qorxur", - deyə Markov bildirib.
Markov hesab edir ki, Aİ gələcəkdə separatçı rejimlərin tanınması məsələsinin tamamilə onun idarəçiliyində olmasını təkid edəcək və bu proses üzərində idarəçiliyin iki mərkəzdə olmasına yol verməməyə (məsələn,Rusiyada) səy göstərəcək.
Aİ ölkələrinin hansı tələyə düşdüyünü anlayan Avropa, artıq Rusiya yanacağından asılılığını azaltmaq barədə düşünməyə başlayıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, çərşənbə günü Böyük Britaniyanın XİN rəhbəri Devid Miliband Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko ilə görüşüb. Görüşdə o, Avropanı, Rusiya qazından asılılığın azaldılması üçün mümkün olan bütün vasitələri reallaşdırmağa çağırıb.
"Biz energetika sahəsində Rusiya ilə Avropa arasında mövcud münasibətlərdəki balansı dəyişməliyik", - deyə Milibandın RİA Novosti-yə daxil olan danışıq mətnində bildirilr.
"Bizə müxtəlif, təhlükəsiz və mobil qaz mənbələri lazımdır. Avropa Rusiya kimi üçüncü tərəf ilə münasibətdə vahid hərəkət etməlidir. Və biz qazdan asılılığımızı tamamilə azaldacağıq; enerjidən səmərəli istifadənin artırılması, kömür hasilatı və onun saxlanılması texnologiyalarına, emalına və atom enerjisinə sərmayə yatırmaqla", - deyə britaniyalı ekspert bildirib.
O qeyd edib ki, Rusiya qazı Avropanın enerji sistemində əvvəlki kimi mühüm rol oynayacaq. "Lakin ticarət şərtlərinin dəyişdirilməsi o deməkdir ki, biz qaza, xüsusilə də Rusiya qazına az etibar etməliyik", - deyə Miliband bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]