Gürcüstan, Tbilisi, 18 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan BMT Baş Assambleyasının formatından fəal istifadə etmək niyyətindədir, Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili cümə axşamı jurnalistlərə bildirib.
"Bu, çox geniş formatdır və rəsmi Tbilisi Rusiyanın Gürcüstana qarşı təcavüzü haqqında həqiqəti bütün dünya ictimaiyyətinə çatdırmaq üçün bu formatdan istifadə edəcək", - o bildirib.
Xarici işlər naziri təsdiq edib ki, iki gün əvvəl açılan BMT Baş Assambleyasının 63-cü sessiyasında Gürcüstanın nümayəndə heyətinə ölkə prezidenti Mixail Saakaşvili başçılıq edəcək. Nümayəndə heyəti ABŞ-a təxminən sentyabrın 21-22-də gələcək.
"Biz həm Assambleyanın tribunasından, həm də Gürcüstan prezidentinin Nyu-Yorka səfəri zamanı keçirəcəyi çox saylı ikitərəfli görüşlərdən istifadə edəcəyik", - Gürcüstanın xarici işlər naziri bildirib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]