Gürcüstan, Tbilisi, 7 noyabr / Trend müxbir N.Kirtsxalia/ Parlamentdə təmsil olunmayan gürcü müxalifəti prezident Mixail Saakaşviliyə 2009-cu ilin aprelin 9-dək vaxt verib ki, o irəli sürülən bütün tələbləri yerinə yetirsin. Yeddi müxalifət partiyasının nümayəndələri bu gün bəyan ediblər ki, noyabrın 7-dən permanent etiraz aksiyaları başlayır. Bu aksiyalar aprelin 9-da müddətsiz oturaq aksiya ilə başa çatacaq.
Bu gün yerli vaxtla saat 14.00-da parlament binası qarşısında aksiya keçiriləcək. Sonra isə aksiya iştirakçıları prezident Saakaşvilinin iqamətgahı istiqamətində yürüş edəcəklər. Aksiyanın təşkilat komitəsi prezidentə öz tələblərini təqdim edəcək. Onların arasında növbədənkənar parlament və prezident seçkilərinin gələn ilin yazında keçirilməsi ilə bağlı tələb əsas yer tutur.
"Əsas tələblərimiz də biri də siyasi məhbusların azad edilməsi və KİV azadlığıdır. Biz permanent etiraz aksiyalara başlayırıq, onların qrafiki elan ediləcək", - deyə Mühafizəkarlar Partiyasının lideri Kaxa Kukava bildirib.
Aksiyaların yeni dalğası noyabrın 7-də planlaşdırılıb. Bir il əvvəl həmin gün Rustaveli prospektində keçirilən mitinq polis tərəfindən dağıdılıb. Bu günü müxalifət zorakılığa qarşı mübarizə günü adlandırıb.
Artıq məlumdur ki, bu günkü etiraz aksiyasında mühafizəkarlar və leyboristlər, Vahid Gürcüstan uğrunda Hərəkat, habelə Xalq Partiyası və "Yeni sağlar" iştirak edəcəklər. Respublikaçılar isə aksiyaya adi vətəndaşlar kimi qatılmaq niyyətindədir.